Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-19 12:53:00
Faciəvi qəzada ölən AMEA direktorunun dösyesi- Vacib elmi işlərin müəllifi olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Sadıq oğlu Məmmədovun mayın 19-da baş vermiş qəzadakı ölümünə dair məlumat yayıb.
 

AMEA-dan Modern.az-a verilən məlumata görə, botanika sahəsində tanınmış alim, “Şöhrət” ordenli Tofiq Məmmədov ömrünün 66-cı ilində faciəli şəkildə vəfat edib.

Hadisə bu gün səhər saatlarında Xızı rayonu ərazisində baş verib. Tofiq Məmmədov yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq direktoru vurub.


Məmmədov Tofiq Sadıq oğlu 10 fevral 1957-ci ildə Naxçıvan MR-in Ordu­bad rayonunun Dırnıs kəndində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühən­disləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini bitirib, 1995-1999-cu illərdə AMEA-nın Botanika İnstitutunun dissertantı olub.


T.Məmmədov 2000-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2014-cü ildə professor elmi adını alıb.


Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrin­də (1996) çalışıb. 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunub və T.Məmmədov direktor vəzifəsinə seçilib. 2021-ci ildən həmin institutun baş direktoru idi. O, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professoru kimi fəaliyyət göstərib.


T.Məmmədov Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün çox qiymətli tövsiyələr verib.


T.Məmmədov 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti ya­nında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə) kadrların seçilməsi şöbəsinin eks­perti olub.


T.Məmmədov yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, AR Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifidir. Onun “Ekologiya” (2004), “Gülçülük ensiklopediyası” (2006), “Qazon və bəzək memarlığı” (2006), “Ekoloji oyunlar” (2007), “Bitkilərin anatomiyası və mor­fologiyası üzrə izahlı terminlər” (2013), “Bitki ekologiyası” (2013) kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir. Alimin “Azərbaycan dendroflorası” (2011-2019) beşcildliyində Böyük və Kiçik Qafqaz ərazilərində genefondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, təbii еhtiyаt­lаrdаn səmərəli istifаdə еdilməsi və оnlаrın bərpаsı üzrə mühüm nəticələr öz əksini tapıb. Bu əsər Azərbaycan Respublikasının Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2022-ci il üçün elan etdiyi müsabiqəyə təqdim edilib.


T.Məmmədov 50-dən çox beynəlxalq qurultay və konfransda iştirak edib. Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Bey­nəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçiril­ib, institut 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyə­tinin üzvü seçilib. İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının nümayəndəsi Tofiq Məmmədov olub, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak edib. 2021 və 2022-ci illərdə onun rəhbərliyi altında Dendrologiya İnstitutunda böyük tarixi zəfərə və “Şuşa ili”nə  həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilib. Alim Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının III nəşrinin hazırlanmasında da yaxından iştirak edib.


T.Məmmədov Bolqarıstanın “Paleobotanika” və “Hortus Botanicus” jurnal­larının redaksiya heyətinin, 2014-2015-ci illərdə AMEA Botanika İnstitutunda dissertasiya müdafiəsi şurasının üzvü olub. 2013-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini vəzifə­sində çalışıb, 2016-2019-cu illərdə büro üzvü, 2019-cu ildən ömrünün sonunadək bölmənin Elmi Şurası­nın üzvü olub.


2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adına layiq görülüb, Bakı Şəhər Icra Hakimiy­yətinin Fəxri fərmanı, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.


Tofiq Məmmədov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, öz xeyirxahlığı ilə də tanınırdı. O, şəhid və məcburi köçkün ailələrinə, I və II Qarabağ müharibələri zamanı əsgərlərimizə və qazilərimizə, aztəminatlı alimlərə və  tələbələrə hər zaman öz yardım əlini uzadırdı.


Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və gözəl insan Tofiq Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.


Allah rəhmət eləsin.