Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-19 14:30:00
Tağıyevin qızlar məktəbinin açılışından bir fraqment – Tarixi foto

 

Tarix üzrə fəlsəfə doktoru, Tağıyev irsinin araşdırıcısı Fərhad Cabbarov Şərq təhsil tarixində əsl inqilab sayılan Bakı Qızlar Məktəbi ilə bağlı tarixi fotonu üzə çıxarıb.

AzEdu.az xəbər verir ki, tədqiqatçı alimin üzə çıxardığı foto Tağıyevin açdırdığı qızlar məktəbinin açılışında çəkilib.  1901-ci il 7 oktyabr tarixinə aiddir.

Açılış mərasimində Əhməd bəy Ağayev Bakı müsəlmanlarının təbrik ünvanını oxuyur. Fotoda da məhz həmin  kadr öz əksini tapıb.

Qeyd edək ki, həmin gün  -  1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi" qəzeti həmin hadisəni belə təsvir edərək yazır:  “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa Hacı!”.

Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır.