Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-18 17:07:00
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib  

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir.

 

AzEdu.az xəbər verir ki, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun olaraq digər analoji vəzifəyə keçirilməsi və ya onun aşağı vəzifəyə keçirilməsi nəzərdə tutulub.

 

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması və bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini daim diqqətdə saxlayır. Qeyd edilənlərə əsasən, Xarici İşlər Nazirliyində inzibati vəzifə tutan dövlət qulluqçuları və diplomatik nümayəndəliklərin əməkdaşları üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib. Təlimi DİM-in Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov aparıb.

 

Təlimdə Xarici İşlər Nazirliyində inzibati vəzifə tutan dövlət qulluqçuları və diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər. Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilib.