Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-17 17:40:00
Sınaq imtahanlarında ən yüksək nəticə göstərən bakalavrlar “Açıq qapı” günündə iştirak ediblər

Ötən il dekabrın 26-da magistraturaya qəbul imtahanının modeli üzrə keçirilmiş sınaq imtahanında ən yüksək nəticə göstərən 25 bakalavr yanvarın 17-də Dövlət İmtahan Mərkəzinin (DİM) Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçirilmiş “Açıq qapı” gününə dəvət olunub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, 10 bakalavr regionlarda olmasına və digər səbəblərə görə görüşə onlayn qaydada qoşulub.

 

Əvvəlcə bakalavrlar DİM-də ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barədə məlumat verilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

DİM-in struktur bölmələrinin rəhbərləri sınaq imtahanında yüksək nəticə göstərmiş bakalavrları təbrik edərək onlara qəbul imtahanında, eləcə də gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdakı imtahanlar, ixtisas seçimi və digər məsələlər barəsində məlumat, məsləhət və tövsiyə veriblər. DİM-in məsul işçiləri bakalavrları maraqlandıran sualları da cavablandırıblar.

 

Tədbirdə DİM-in fəaliyyət istiqamətləri, magistratura səviyyəsinə qəbul imtahanları, beynəlxalq imtahanlar haqqında maarifləndirici materiallar, həmçinin psixoloji testlər, peşələr haqqında məlumat, faydalı tövsiyələr və digər xidmətləri əhatə edən e-psixoloq.az və müxtəlif növ sınaq imtahanları platforması olan otk.az internet saytlarının imkanları haqqında məlumatı əks etdirən təqdimatlar olub.

 

Qeyd edək ki, DİM tərəfindən yüksək nəticə göstərən bakalavrlara hədiyyə olaraq “Magistr” jurnalının 2022-ci il üçün birinci sayı və otk.az internet saytında yerləşdirilmiş sınaq imtahanlarından ödənişsiz faydalanmaq üçün kuponlar təqdim edilib.

 

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınmaqla və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülməklə keçirilib.