Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-14 17:29:00
Müəllimi cəzalandırmaqla problem həll olmur: "Əslində, hamımıza hücum var”
“Hər hansı bir şəkildə uşağın döyülməsi faktı yolverilməzdir, qəbuledilməzdir. Məsələni araşdırıb tədbir görmək lazımdır. Burada psixoloji bir problem var. Müəllim, tərbiyəçi uşağı niyə döyür, şiddət tətbiq edir? Çünki, tərbiyəçi uşaq bağçasına, müəllim də məktəbə əsasən iş yeri kimi baxır. Onların özlərinin də kifayət qədər problemləri, ailə qayğıları var. O əsəbi halda ailə mühitindən çıxıb işə gəlir və burada da əsəbini uşağa yönəldir”.
 

Bunu  millət vəkili Fazil Mustafa deyib.
 
 
Qeyd edib ki, tərbiyəçinin uşağa qarşı şiddət tətbiq etməsi yolverilməz haldır, azyaşlı ilə kobud rəftar etdiyinə görə o cəzalandırılmalıdır:
 
 
“Ancaq bir faktı da nəzərə almaq lazımdır ki, çörək pulu qazanmaq üçün müəllim, tərbiyəçi də evdə uşaqlarını baxımsız qoyub işə gəlir. Problemləri, çətinlikləri var və bu səbəbdən də aqressivdir və aqressiv davranışlar nümayiş etdirir. Bu aqressiya təkcə müəllim və tərbiyəçidə deyil, ümumilikdə insanlarda var. İnsanların problemi var və bu problemin təsirləri təkcə bağçada uşağa yönəlmir, siyasətçiyə, jurnalistə, başqa peşə sahiblərinə, ailə üzvlərində də yönəlir. Məsələyə bu istiqamətdən yanaşanda görünür ki, əslində, hamımıza hücum var. Ona görə də biz bötövlükdə cəmiyyətdə aqressiyanın azalması istiqamətində addımlar atmalıyıq. Bunun üçün də ilk növbədə insanların rifahı ilə bağlı məsələyə çox ciddi diqqət yetirməliyik. Cəmiyyətdə insanların yaşam şərtləri ilə maraqlanmaq lazımdır ki, bu gün onlar hansı vəziyyətdə yaşayırlar, hansı çətinlikləri, problemləri var. Bunların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməlidir”.
 

Fazil Mustafanın sözlərinə görə, bu gün küçədə, işıqforun altında dayanıb dilənçilik edən uşaqlar da döyülür:
 

“Bu uşaqlar da şiddətə məruz qalır. Dilənçilik etməyəndə və ya evə az pul gətirəndə anaları tərəfindən döyülürlər. Ancaq onların videosunu çəkib yayan olmur. Biz görünənlər üzərindən danışırıq, ancaq görünməyən tərəflər daha çoxdur. Daha çox olduğu üçün də biz bu problemi kompleks şəkildə aradan qaldırmalıyıq. Əks halda bu aqressiya Azərbaycan cəmiyyətində böyük bir çalxalanmalara, neqativ qarşıdurmalara səbəb olacaq”.
 
 
Bakupost