Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 12:13:00
Seçilmiş peşə təhsil müəssisələrinin müəllimləri üçün təlimlər təşkil olunub  

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “İşəgötürənlərlə birgə çalışan işçilər üçün ixtisasartırma və kadr hazırlığı təlimlərinin təşkili” təşəbbüsü çərçivəsində seçilmiş peşə təhsil müəssisələrinin nəqliyyat vasitələrinin texniki istismarı və mühasibat uçotu ixtisasları üzrə təhsil verən müəllimləri üçün təlimlər təşkil olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təşkil edilən təlimlər Gəncə və Bərdədə yerləşən peşə təhsil müəssisələrinin seçilmiş müəllimlərinin iştirakı ilə həyata keçirilib. Üç gün davam edən təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində reallaşıb.

Təlim müddətində müəllimlər mühərriklər və şassi sistemi üzrə benzin və dizel mühərrikinin quruluşu, iş prinsipi, mühərrikin mexaniki komponentləri, yağlama, soyutma, sorma və ixrac sistemi, habelə transmissiya elementləri, tormoz, asqı və sükan idarəetmə sistemi ilə bağlı biliklərini artırıblar. Bununla yanaşı, elektrik/elektron sisteminin ümumi iş prinsipi, batareya, işəsalma, alışdırma və elektrik sistemi haqqında geniş məlumatlar əldə ediblər.

Mühasibat uçotu ixtisası üzrə Qəbələ, Bərdə və Gəncə peşə təhsil müəssisələrinin seçilmiş müəllim və istehsalat təlim ustalarının iştirakı ilə “İNNAB” MMC Peşəkar İnkişaf Platforması tərəfindən onlayn təlimlər təşkil olunub. Təlimin ilk iki günündə müəssisə strukturunun formalaşdırılması, mühasibatlığın funksiyası, müəssisələrin qeydiyyata alınması, ilkin uçot sənədləri, hesablar planı, uzunmüddətli maddi və qeyri-maddi aktivlər, həmçinin amortizasiyanın hesablanması haqqında mövzular ətraflı şəkildə tədris olunub. Sonuncu gün isə satılan malın maya dəyəri, əməkhaqqı uçotu və büdcə öhdəlikləri, hesabatların tərtibi haqqında məlumatlar verilib.

Proqram çərçivəsində 82 müəllim və istehsalat ustası bərbər, ərzaq və qeyri-ərzaq malların satıcısı, avtomobil təmiri sahəsi üzrə çilingər-təmirçi, avtomobil diaqnostikası, dərzi, çilingər-santexnik, dağ mədən işləri üzrə mütəxəssis, elektrik qaz qaynaqçısı, mehmanxana inzibatçısı və aşpaz ixtisasları üzrə təşkil olunan təlimlərə cəlb edilib. Təşəbbüsün məqsədi beynəlxalq təcrübə əsasında iş yerlərində təlim və təcrübə keçmənin mexanizminin yaradılması və fərqli iqtisadi sahələr üzrə fəaliyyət göstərən işəgötürən müəssisələrdə peşə təhsili sahəsində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma təlimini həyata keçirmək olub.