Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 13:06:00
Bu uşaqlar məktəbə buraxılmamalıdır-Pediatrdan çağırış

Son günlər uşaqlar arasında qripəbənzər əlamətlərlə müşahidə olunan virus xəstəlikləri geniş yayılıb. Yoluxan uşaqlar sürətlə digərlərini və bəzən böyükləri də yoluxdurur. Bəs görəsən valideynlər nə etməlidir? Uşaqların müalicəsi hansı qaydada aparılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-pediatr Aytən İsmayılzadə cavablandırıb. O bildirib ki, mövsümlə əlaqədar olaraq uşaqlar arasında kəskin respirator xəstəliklərinə yoluanların sayında ciddi artım var:

“Epidemik dövrdür. Payız aylarında həmişə virus xəstəliklərinə yoluxanların sayında artım olur. Bununla belə uşaqlar arasında koronavirusa yoluxma hallarının da sayı artıb. Virus xəstəlikləri artıq bir aydan çoxdur ki, davam edir. Ağırlaşma halları hələlik yox səviyyəsindədir. Bəzən xəstə uşaqlara dərhal antibiotik təyin edilir. Bu düzgün deyil. Qan analizi lazım olduqda üç-beş gündən sonra verilə bilər. Bəzi hallarda vəziyyətə uyğun olaraq xəstəxanaya yerləşdirilmələr olur. Əksər hallarda uşaqlar ev şəraitində müalicə alır”.

Həkim bildirib ki, virusa yoluxan uşaqlar kollektivə buraxılmamalıdır: “Düzdür yoluxma halları hələ məktəb açılmazdan əvvəl var idi. Lakin xəstə uşaqların məktəbə, bağçaya getməsi ciddi təhlükədir. Çünki ətrafındakı uşaqlar da qısa müddətdə yoluxur. Xəstə uşaq ən azı bir həftə dərsə getməməlidir”.