Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 17:18:00
Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər 8 və 10 nömrəli, Yardımlı şəhər 1 və 2 nömrəli, Astara şəhər 6 nömrəli, Astara rayon Artupa kənd və Masallı rayon Dəlləkoba kənd, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə şəhər 6 nömrəli tam orta məktəblərində və Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

AzEdu.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məktəblərin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.

Sonda suallar cavablandırılıb, müvafiq müzakirələr aparılıb.