Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 15:00:00
Ağdam rayonunda Zəngişalı kənd tam orta məktəbinin açılışı olub

Ağdam rayonunda əsaslı təmir olunan Zəngişalı kənd tam orta məktəbinin açılışı olub.

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunan məktəbin açılış mərasimində Təhsil Nazirliyi və rayon icra hakimiyyəti nümayəndələri, məktəbin adını daşıyan şəhidin ailəsi, eləcə də rayon təhsil işçiləri iştirak edib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunan binanın qarşısında məktəbin adını daşıdığı şəhid Samir Abdinovun büstü qoyulub.

 

Yeni məktəb binasında sinif otaqları hər cür avadanlıqla və əyani dərs vəsaiti ilə təmin olunub.

 

Təhsil Nazirliyinin ümumi təhsilin təşkil və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib ki, məktəb 640 yerlikdir: “Məktəbdə tədrisin müasir təşkili üçün bütün lazımı şərait yaradılmışdır. Bu gün baxış zamanı da məlum oldu ki, istər texniki fənlərin tədrisi zamanı, istər texnologiya, istər informatika üçün bütün şərait yaradılmışdır.”

 

Rayonun Zəngişalı kəndində yerləşən məktəb 1972-ci ildə inşa edilib. Uzun illər təmir bərpa işləri aparılmadığı üçün bina yararsız vəziyyətə düşüb. Dövlət hesabına yenidən bərpa olunan təhsil ocağında 314 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 41 müəllim məşğul olacaq.

 

Habil Aslanoğlu, Arzu Quliyev, APA TV