Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-18 17:43:00
Mingəçevir Dövlət Universitetinin bir qrup kollektiv üzvü Bərdə şəhidlər xiyabanını ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik, inzibati və tələbə heyəti üzvü universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində Şəhidlər xiyabanını ziyarət edib.
MDU-dan bildirilib ki, əzəli torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirələri dərin ehtiramla yad edilib.
Ziyarət zamanı MDU-nun kollektiv üzvləri 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilən, vətənpərvər ifaları ilə döyüş yoldaşlarını ruhlandıran və qələbəyə kökləyən qəhrəman şəhidimiz Xudayar Yusifzadənin doğum günü münasibətilə keçirilən anım mərasimində iştirak ediblər.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tariximizə qızıl hərflərə həkk olunan şanlı zəfərin qazanılmasında şəhidlərimizin mühüm pay sahibi olduqlarını bildirən universitet təmsilçiləri vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramını ifadə edib, bütün şəhidlərə rəhmət və qazilərə şəfa diləyiblər.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.