Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 14:40:00
Müəllimlər kurikulumun real məqsədindən xəbərsizdirlər - EKSPERT

“Müəllimlərin işə qəbulu üzrə kurikulum vəsaitləri mövzuları yalnız terminoloji tərəfdən izah edir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti, təlimçi İlkin Həsənov deyib.

Onun sözlərinə görə, bu kitablar  vasitəsilə  imtahana hazırlaşan müəllimlər sualları cavablandıra bilirlər:

“Müəllim imtahanda suala doğru cavab yazsa da, bu, sadəcə, faktoloji biliklərin göstəricisi  hesab olunur.  Ancaq dərketmə  mərhələsində müəllim problem yaşayır. O, real olaraq, məktəbdə dərs dediyi mövzunun nədən bəhs etdiyini, kurikulumda şagirdyönümlü  və  şəxsiyyətyönümlülüyün nə demək olduğunu anlamır.

Kurikulumun prinsiplərini sadayır, amma bunun real məqsədindən xəbərsizdir. Təəssüflər olsun ki, resurslar da müəllimləri araşdırma materialları ilə təmin edə bilmir. Bu sahədə böyük boşluqlar var”.

Ekspertin sözlərinə görə, kurikulumla bağlı mütəmadi kurslar təşkil olunmalıdır:

“Bu kursların müddəti 10 gün olmamalıdır. 10 günə müəllim nə öyrənə bilər? Daha uzun müddətli kurslarda müəllimlərə kurikulumun terminoloji tərəfini deyil, praktiki tərəfini öyrətmək lazımdır. Eyni zamanda dərslərin kurikulum əsasında tərtibi də onlara öyrədilməlidir. Təhsil eskpertləri bunla bağlı videolar, dərslər hazırlaya, seminarlar təşkil edə bilərlər. Həll yolu ancaq maarifləndirmə ilə mümkündür”.

Qeyd edək ki, iyulun 16-dan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə test imtahanına start verililib.

Cari ilin 2-8 iyul tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib. Qeyd edilən göstəricilər araşdırıldıqdan sonra 46 839 namizədin ərizəsi qəbul olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları