Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 16:00:29
Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi davam edir

2018-ci il martın 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam edib. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 13 müxtəlif yerdə təşkil edilib.

Dövlət İmtahan Mərkəzindən AzEDU.az-a verilən məlumata görə, gün ərzində keçirilməsi nəzərdə tutulan 103 müsahibədən 49-u baş tutmuş, 54 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak edən namizədlərdən 16-sı iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Məlumata görə, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Bildirilir ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunublar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir. Belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyənlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.