https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-28 16:55:00
Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib.

BŞTİ-dən bildirilib ki, görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən BŞTİ-nin müdiri Mehriban Vəliyeva xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb.

İdarə müdiri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli Ordumuzun qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.

28 May - Respublika Günü münasibətilə qazi müəllimləri təbrik edən BŞTİ müdiri dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı Zəfərin qazanılmasında iştirak etdiyini və vətənpərvərlik nümunəsi göstərdiyini deyib.

Mehriban Vəliyeva qazi müəllimlərin həm cəbhədəki, həm də məktəbdəki əməli fəaliyyətləri ilə şagirdlər və yetişməkdə olan nəsillər üçün örnək olduğuna əminliyini ifadə edib.

Görüş zamanı şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qazi müəllimlər BŞTİ-nin təşəkkürnaməsi ilə təltif edilib.