Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 15:55:00
Paytaxt məktəblərində Ulu Öndərə həsr olunmuş onlayn tədbirlər təşkil edildi  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar onlayn tədbirlər təşkil edilib.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, tədbirlərdə ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən söz açılıb. Qeyd olunub ki, Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

 

Onlayn tədbirlərdə şagirdlərə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaş tərəfindən minnətdarlıqla anılır.

 

“Dahi siyasətçi”, “Heydər Əliyev dühası”, “Sən elə bir zirvəsən”, "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", “Xalqa bağışlanan ömür”, “Qəlblərdə yaşayan düha” və bu kimi digər mövzularda keçirilən onlayn tədbirlərdə şagirdlər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər.

 

Tədbirlərdə şagirdlərin ifasında dahi rəhbər Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub. Bəzi istedadlı şagirdlər isə dahi şəxsiyyətə olan ehtiram və məhəbbətini çəkdikləri rəsmlərlə ifadə ediblər.

 

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Ulu Öndərin xatirəsinin ümumxalq məhəbbətinin təzahürünə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını diqqətə çatdırıblar.

 

Onlayn tədbirlərdə dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar da nümayiş etdirilib.

 

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.