Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 16:28:00
DİM tərəfindən aprel ayı ərzində 6 növ müxtəlif təyinatlı imtahan təşkil olunub  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprel ayı ərzində dövlət qulluğuna qəbul, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün imtahan, həmçinin beynəlxalq GRE və TOEFL imtahanları keçirilib.

 

DİM-dən AzEdu.a-a verilən məlumatab görə,  dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı aprelin 11-də keçirilib. Bu imtahanda 1327 nəfər iştirak edib. İmtahan iştirakçıları arasında 482 nəfər uğur qazanaraq sertifikat əldə edib.

 

Aprelin 13-də Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahanda 53 namizəd iştirak edib. Onlardan 28-i uğur qazanaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

 

Ötən ayın 17-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilib. İmtahanda iştirak edən 18 namizədin 14-ü uğur qazanıb və sertifikat əldə edib.

 

Hesabat dövründə DİM-də 4 dəfə GRE, 2 dəfə isə TOEFL imtahanı təşkil edilib. Bu imtahanlarda 36 nəfər iştirak edib.

 

Aprelin 15, 16, 22, 23, 29 və 30-da isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bu imtahanlarda 83 mindən artıq şagirdin iştirakı nəzərdə tutulmuşdu.

 

Qeyd edək ki, aprelin 15-16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur.

 

22-23 aprel tarixlərində keçirilən imtahanların materialları “skan” olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.

 

Sonuncu imtahanların materialları (yazı işləri ) isə “skan” olunma mərhələsindədir.

 

Hər imtahan nəticəsi elan olunduqdan sonra apellyasiya komissiyasına onlayn müraciət etmək üçün tarixlər də göstəriləcək. Apellyasiya prosesi isə bütün istiqamətlər üzrə imtahan nəticələri elan edildikdən sonra təşkil olunacaq.

 

Xatırladaq ki, imtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması müxtəlif mərhələlərdən keçir və uzun müddət tələb edir. İlk növbədə şagirdlərin yazı işləri “skan” edilir və şifrələnir. Daha sonra qiymətləndirmə meyarları təkmilləşdirilir və markerlərin kalibrləmə prosesində iştirakı üçün etalon işlər seçilir. Bundan sonra markerlər tərəfindən yazı işlərinin yoxlanılması və qiymətləndirilməsinə başlanılır. Növbəti mərhələdə isə balların hesablanması və nəticələrin DİM-in saytında yerləşdirilməsi həyata keçirilir.