Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 16:31:00
“Microsoft Teams” platformasının təhsil imkanları  

Artıq uzun illərdir ki, bütün dünyada məsafədən təhsil vasitələri və texnologiyaları inkişaf etdirilir və tətbiq olunur. Lakin, yalnız COVID-19 pandemiyası dövründə bu texnologiyalar qlobal miqyasda geniş istifadə olunmağa başlanılmışdır. Belə ki, bir çox təhsil müəssisələrində virusun yayılmasının qarşısını almaq məqsədi ilə tədris prosesi əyani sinif otağından virtual sinif mühitinə keçirilmişdir. 

 

Bununla yanaşı, onlayn təhsilin aktuallığı ilə təhsil dünyasını düşündürən bir çox suallar ortaya çıxmışdır. Effektiv məsafədən tədris prosesini necə və hansı alətlər vasitəsi ilə təşkil etmək? Ev mühitində şagirdləri öyrənməyə necə motivasiya etmək? Təlim-tədris prosesinin düzgün təşkilinə necə nəzarət etmək? Təhsil nəticələrini hansı formada təhlil etmək və s. Bu kimi suallar əsasında pandemiyanın ilk günlərindən etibarən ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanılmışdır.

 

Aparılan araşdırmalar nəticəsində, məsafədən təhsilin təşkili istiqamətində beynəlxalq mühitdə effektiv, çoxfunksiyalı və təhlükəsiz vasitə kimi özünü sübut etmiş “Microsoft Teams” platforması əsasında “Virtual Məktəb” yaradılmışdır. “Niyə məhz bu platforma, platformanın təhsil imkanları və üstünlükləri hansılardır?” – suallarına cavab verməli olsaq, aşağıdakıları qeyd edə bilərik.

 

Vahid platforma. “Microsoft Teams” platformasında məsafədən tədris prosesinin təşkili üçün lazım olan - video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, monitorinq, nəzarət mexanizmləri, elektron poçt və virtual saxlanc xidmətləri kimi geniş imkanlar vahid platformada təqdim edilir. Təqdim edilən bu imkanlardan istifadə limitsiz və ödənişsizdir.

 

Azərbaycan dilli interfeys. Platformada məsafədən tədris prosesi milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsi ilə təşkil olunur.

 

Təhlükəsiz onlayn mühit. Qeydiyyat zamanı istifadəçilərə dair bütün məlumatların məxfiliyi qorunur. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil.  Bununla yanaşı, təqdim edilən elektron poçt vasitəsilə məktubların rahat və təhlükəsiz mübadiləsi, virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə məlumatların etibarlı formada saxlanılması mümkündür.

 

Data-əsaslı təhsil. Platformada mərkəzləşdirilmiş monitorinq imkanı vardır ki, bu da öyrənmə nəticələrinə çevik reaksiya verərək, vaxtında düzəlişlər etməyə və effektiv tədris strategiyaları qurmağa şərait yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün "Power BI" aləti vasitəsilə təhlil olunub, boşluqları müəyyən edib, məzmunu lazım olan yerlərdə zənginləşdirməyə imkan verir.

 

Nəzarət və hesabatlılıq. Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan məktəb rəhbərliyi siniflər üzrə dərslərə, davamiyyətə nəzarət edə bilirlər. Həmçinin, platforma vasitəsi ilə valideynlər öz övladlarının tədris prosesini izləyə bilir, dərs prosesində iştirakına və nəticələrinə nəzarət edir, müəllimlər ilə rahat əlaqə qurur və əməkdaşlıq edirlər.

 

Nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

 

İnteraktiv dərs və qiymətləndirmə alətləri. Dərsləri daha maraqlı, əyləncəli və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya rahatlıqla inteqrasiya olunur. Platformada təlim nəticələrini yoxlamaq üçün ev tapşırığı və qiymətləndirmə modulları mövcuddur. 

 

Məzmun bazası. Platforma məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, geniş məzmun bazası kimi də fəaliyyət göstərir. Belə ki, bu gün "Microsoft Stream" vasitəsilə yazılan mühazirələr yaddaşda saxlanılır və daha sonra o dərsləri təkrar izləmək imkanı vardır.

 

Sinif otaqları. Platformada müxtəlif fənlər və siniflər üzrə dərslərin təşkili, qarşılıqlı əlaqə, məlumat paylaşımı, qrup işləri üçün sinif otaqlarının, iclas və pedaqoji şuraların keçirilməsi üçün virtual müəllim otaqlarının yaradılması mümkündür.

 

Məlumatların çevik sinxronizasiyası. Siniflərin komplektləşdirilməsi, müəllim və şagirdlərin yerdəyişməsi, I sinfə şagird qəbulu kimi bütün proseslər avtomatik olaraq inteqrasiya olunur və platformada öz əksini tapır.

 

Virtual sinifdə görüş. Platformada “Birgəlik” rejimi vardır ki, bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Həmçinin, onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır.

 

İmmersiv oxuyucu. Platformada “İmmersiv oxuyucu” funksiyası vardır ki, bu funksiya şəkilli lüğət, səsli oxuma, sətrlərin seçilməsi və təqdim olunmuş mətni 60-dan çox dilə tərcümə etməyə imkan verir.

 

Platformanın yuxarıda qeyd edilən bütün təhsil imkanlarından kompüter, planşet və ya mobil telefon vasitəsi ilə rahatlıqla istifadə etmək olur. “Microsoft Teams” platformasının vacib üstünlüklərindən biri isə onun yeniliklərə açıq olması və milli təhsil sisteminə uyğun dəyişikliklərin edilməsi imkanının olmasıdır.