https://www.zirve.edu.az/ #
2021-04-20 13:36:00
Növbəti buraxılış imtahanları bu  tarixlərdə keçiriləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22-23 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlar respublikanın 26 şəhər və rayonunda təşkil olunacaq.


DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. 


İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.  Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.


İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 


Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      İmtahana buraxılış vərəqəsi;

-     Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

  • a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

  • b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 


-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


İmtahanda iştirak edəcək şagirdlər “ İmtahana buraxılış vərəqəsi ”ni internet vasitəsilə DİM-in saytından aprelin 12-dən etibarən çap edib götürə bilirlər. İmtahanlar 22-23 aprel tarixlərində respublikanın  26 şəhər və rayonunda  keçiriləcək.


Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 126 imtahan binası, 2055 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 126 ümumi imtahan rəhbəri, 340 imtahan rəhbəri, 2548 nəzarətçi-müəllim, 252 buraxılışı rejimi əməkdaşı (mühafizə), 126 bina nümayəndəsi ayrılıb.