Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-17 12:42:00
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində görüş

Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi arasında görüş keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, görüşdə nazir müavini Firudin Qurbanov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, sektor müdiri Ayla Həsənova, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov və şirkətin nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə cari tədris ilində görülən işlərin hesabatı, tədrisin keyfiyyəti üzrə tədqiqat nəticələri təqdim olunub və növbəti tədris ili üçün nəzərdə tutulan işlərin planları müzakirə olunub. Eyni zamanda, layihə çərçivəsində cari ildə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması üzrə keçirilən təlimlər, şagirdlərin alqoritmik düşüncə, layihə işləmə bacarıqlarını inkişaf etdirən müsabiqələr barədə məlumat verilib.

Qeyd edək ki, cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 9 şəhər və rayonu əhatə edib. Hazırda layihədə 222 məktəbdən 120 min şagird iştirak edir. Layihənin uğurlu nəticələrini nəzərə alaraq əhatə dairəsi ildən-ilə daha da genişləndirilir.