Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-10 15:31:00
DİM-in fəaliyyəti dövründə dövlət qulluğuna qəbul üzrə 35 test imtahanı təşkil olunub  

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən dövlət qulluğu üçün kadrların seçilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət, dövlət qulluqçuları reyestrinin aparılması və digər əlaqədar funksiyalar DİM-in səlahiyyət dairəsinə daxil edilib.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

 

Məqalədə qeyd olunub ki, Mərkəzin 5 illik fəaliyyəti dövründə dövlət qulluğuna qəbul üzrə 35 test imtahanı və 75 sınaq imtahanı keçirilib. Test imtahanlarında iştirak etmiş 30959 namizəddən 10794 nəfəri uğurlu nəticə göstərərək dövlət qulluğu sertifikatı əldə etmək hüququ qazanıb.

 

Dövlət qulluğuna qəbul üzrə 52 müsabiqə, 31 ümumi müsahibə elanı verilib və elan edilmiş 291 daxili müsahibə üzrə müsahibələrin keçirilməsi təmin edilib. Eyni zamanda, 10192 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsi, 1262 vəzifə üzrə ümumi müsahibə və 2200 vəzifə üzrə daxili müsahibə elanı verilib.

 

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun və dövlət orqanlarının kadr tələbatının ödənilməsinin təmin edilməsi məqsədilə, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün 2020-ci il iyulun 1-dən etibarən dövlət qulluğu üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb.

 

Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə Mərkəz tərəfindən 41346 müsahibənin keçirilməsi planlaşdırılsa da, 15702 müsahibə, o cümlədən 12091 müsabiqə üzrə müsahibə, 1815 ümumi müsahibə və 1796 daxili müsahibə keçirilib. Keçirilmiş müsahibələrin 3568-i onlayn qaydada təşkil edilib.

 

Müsahibədən müvəffəqiyyətlə keçmiş 3873 namizəd, o cümlədən müsabiqə üzrə 1984, ümumi müsahibə üzrə 667, daxili müsahibə üzrə isə 1222 namizəd dövlət orqanlarında vakant olan inzibati vəzifəyə təyin edilib.

 

Dövlət qulluğu ilə əlaqədar müxtəlif mövzularda təlim modulları hazırlanıb və təlimlər təşkil edilib. Təlimlərdə 5 minə yaxın vətəndaş iştirak edib. Eyni zamanda, Mərkəz tərəfindən dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə 10 təlim modulu və onların proqramları hazırlanıb.