Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, dosent Könül Baxşəliyevanın həmmüəllif olduğu “Azərbaycanda istehsal edilən bəzi qida məhsullarının göbələk biotasının növ tərkibinə və ekolo-trofik əlaqələrinə görə qiymətləndirilməsi” məqaləsi “Web of Science” bazasına daxil olan nüfuzlu “Bioscience biotechnology research communications” (Hindistan) jurnalında dərc edilib.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib. Bildirilib ki, məqalə Azərbaycan şəraitində qida məqsədləri üçün istifadə edilən bir sıra materialların mikobiotasının növ tərkibinə, ekolo-trofik əlaqələrinə və ixtisaslaşmasının təzahür formalarına görə tədqiqinə həsr edilib. Tədqiq edilən qida təyinatlı məhsullar göbələklərin məskunlaşma yerlərindən biridir. Həmin məhsulların mikobiotasının formalaşmasında həqiqi göbələklərin 63 növü iştirak edir. Onların arasında biotrofluğu və saprotrofluğu həqiqi xarakter daşımayan göbələklərin üstünlük təşkil etməsi, allergenlərin, toksigenlərin və şərti patogenlərin də yer alması qida məhsulları ilə bağlı qəbul edilən sanitar-epidemioloji qaydalar və normativlərin qeyd edilənlərə yönəlik təkmilləşdirilməsinin məqsəduyğunluğu olması eksperimental şəkildə öz təsdiqini tapıb.