Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 09:48:00
Azərbaycanlı alimdən “AztraZeneca” vaksini ilə bağlı TÖVSİYƏLƏR  

“Artıq ölkəmizin “AztraZeneca” vaksini ilə təmin olunmasına dair müzakirələr tam yekunlaşıb və rəsmi məlumatlara əsasən, yaxın günlər ərzində qeyd olunan peyvəndin ölkəmizə gətirilməsi təmin ediləcək”. 

Bunu Oxu.Az-a açıqlamasında Almaniyanın Köln şəhərində yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. 

Azərbaycanlı alim hesab edir ki, peyvənd ölkəyə gətirilənə qədər əhalinin “AztraZeneca” vaksini, onun müsbət təsirləri və bu günə qədər məlum olan müvəqqəti yan təsirləri haqqında məlumatlara sahib olması üçün maarifləndirici tədbirlər görülməlidir:

“Çünki bu peyvəndin digər vaksinlərə nisbətən müəyyən müvəqqəti yan təsirlərinin mövcud olduğu artıq elmi olaraq sübut edilir. Bu istiqamətdə dünyada neyroradioloji aspektdən ilk elmi tədqiqat aparan elm adamı kimi deyə bilərəm ki, bu amil indidən Azərbaycanda ciddi nəzərə alınmalıdır. Eyni zamanda, klinik olaraq xəstələrlə və peyvənd qəbul edən şəxslərlə birbaşa işləyən həkimlər də müvafiq elmi məlumatlara sahib olmalıdırlar.

Əks halda bəzi yan təsirləri səhv interpretasiya edə bilərlər. Bu dediklərim nəzərə alınmazsa, yanlışlıqla bu peyvənd insanlarda ciddi narahatlığa səbəb ola bilər. Narahatlığın qarşısını indidən almaq üçün qeyd olunanları etmək vacibdir.

Ümumilikdə isə bu günə olan elmi əsaslarla demək olar ki, virusun geniş yayılmasının qarşısının alınması istiqamətində və insanları xəstəliyin ağır gedişindən qoruması üçün “AstraZeneca” çox effektiv bir peyvənddir. Ona görə də yuxarıda qeyd etdiyim incə məqamlar nəzərə alınarsa, insanlarda çaşqınlıq və peyvəndə inamsızlıq yaratmayacaq”. 

Qeyd edək ki, ilkin mərhələdə aprelin 5-də Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 əleyhinə vaksin Azərbaycana göndəriləcək. Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq. 

Ümumilikdə, “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.