https://www.zirve.edu.az/
07.07.2018 11:26
"Tələbənin illərlə oxuyub çöldə qalması ədalətsizlikdir!" - Ekspertdən rezidentura probleminə İRAD
Çap et

 “6 illik baza ali tibb təhsilli şəxs tibb bacısı işləyə bilməz”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tibbi ekspert Adil Qeybulla deyib. Onun sözlərinə görə, baza ali tibb təhsilini bitirən şəxslər təbabətin nəzəri biliklərinə yiyələnmiş sayılırlar:

“Onlar mütləq rezidentura keçməlidirlər ki, hansısa sahənin mütəxəssisi olsunlar. Bu proses baş vermirsə, onlar sadəcə ailə həkimi kimi fəaiyyət göstərə bilərlər. Ailə həkimi praktikası çox geniş yayılıb. Onların orta tibb işçisi kimi işləmələri düzgün deyil. Bu həm əmək qanunvericiliyinə  ziddir, həm də dünyada da belə bir təcrübə yoxdur. Son zamanlar rezidenturayla bağlı problemlər yaşanıb. Təəssüflər olsun ki, bizim ən yaxşı tələbələrimiz Almaniyaya və ya digər xarici ölkələrə gedib orada təhsil alırlar. Biz də savadlı kadrlarımızı itiririk. Çalışmaq lazımdır ki, öz kadrlarımız ölkədə qalsın”

Rezidenturayla bağlı yaranan problemdən danışan ekspert bildirib ki, xarici tələbələrə ödənişli əsaslarla istədikləri ixtisası oxumaq üçün şans verilib:

“Öz tələbələrimiz biliyindən asılı olmayaraq bir kənarda qalırlar. Məsələnin limitləndirilməsi hansısa balla ola bilər.Qanuni bal standartından hamı razı qala bilər. Əgər hansısa ixtisasa 50 plan yeri ayrılıbsa, tələbələrin içindən 51 şəxs 90 bal toplayırsa, deməli onlardan biri 90 bal toplamasına baxmayaraq kənarda qalacaq. Bu ədalətsizlikdir.

Bizdə xaricə axın çoxdur. Qəbul şərtlərinə əl gəzdirmək lazımdır. Tələbənin illərlə oxuyub bayırda qalması nə dərəcədə düzgündür?”.

Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il müalicə işi fakültəsi üçün 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Stomatologiya fakültəsi tələbələrinin dediyinə görə, keçən il plan yerlərinin sayını 21-dən 11-ə, bu il isə daha da azaldaraq 5-ə endiriblər. 9 milyon əhalisi olan ölkə üçün cəmi 5 stomatoloq yeri ayırılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən və tələbələr imtahan üçün ödəniş etdikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb.

Tibb Universitetinin təxminən 70 tələbəsi 29 iyun tarixində Səhiyyə Nazirliyinin binası qarşısında toplaşması olub. Onlar rezidenturaya plan yerlərinin qəfildən azalmasına etirazlarını bildirərək verilən qərarın yenidən gözdən keçirilərək ləğvini tələb ediblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları