https://www.zirve.edu.az/
2021-03-03 14:50:38
Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı keçiriləcək

22-25 aprel 2021-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı təşkil ediləcəkdir. Konfransa təhsilin idarə olunması üzrə çalışan yerli və beynəlxalq tədqiqatçılar, alimlər, təhsil işçiləri, doktorantura və magistratura tələbələri dəvət olunurlar.

 

AzEdu.az-ın məlumatına görə, konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutaraq bu sahədə qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyır. 


Bu məqsəd həm də təhsil idarəçiliyinin mövcud vəziyyətinin təhlilini, bu sahədəki tədqiqatlarla, həlli vacib hesab edilən məsələlərin çıxış yolları ilə bağlı elmi cəhətdən əsaslandırılmış təkliflərlə tanışlıq, yerli və beynəlxalq təcrübələrin mübadiləsinə şərait yaratmaq və bu istiqamətdə yeni tədqiqatlara çağırış etmək ideyalarını əhatə edir.

 

Konfransda iştirak ödənişsizdir. Təhsil işçiləri və təhsil sahəsində tədqiqat aparanlar həm spiker, həm də dinləyici olaraq iştirak edə bilərlər. Spiker kimi iştirak etmək istəyənlər tezislərin qısa xülasəsini 25 mart 2021-ci il tarixinədək göndərməlidirlər. Konfransın Elmi Komitəsi tərəfindən müsbət qiymətləndirilən tədqiqatların müəllifləri konfransda çıxış hüququ əldə edəcəklər.

 

Müraciət anketi: http://bit.ly/3qj8l2q

 

Konfrans materiallarından ibarət məcmuə elektron variantda (pdf formatında) iştirakçılara göndəriləcək. Seçilmiş məqalələr “Azərbaycan Məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək.

 

MÖVZULAR:

- Təhsildə liderlik

- Distant təhsilin idarə olunması

- Təhsildə keyfiyyətin təminatı

- Təhsilin idarə olunmasının beynəlxalq modelləri

- Təhsildə qiymətləndirmənin təşkili

- Təhsilin iqtisadiyyatı

- Təhsildə planlaşdırma

- İnklüziv və xüsusi təhsil idarəçiliyi

- Peşə təhsili və idarəçilik

 

Konfrans T-Network platforması üzərindən online formatda keçiriləcək.

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.

 

Tezislərin tərtibinə qoyulan tələblər: 

- Yazı formatı- Times New Roman, 12 pt. 2.0 sətir arası;

- Səhifənin formatı – A4;

- İstinadlar - APA 7 formatı;

- Tezisin qısa xülasəsi (məqsəd, problem, metodologiya, tədqiqat nəticələri, töhfə,      

   təkliflər və yekun) – 500 söz;

-   Açar sözlər –5 söz, tezisin yazıldığı dildə;

-   Tezisin mətni və ədəbiyyat siyahısı;

 

Xülasələri qiymətləndirmə meyarları:

  1. Tədqiqatın konfransın mövzularına uyğun olması;
  2. İstifadə olunan tədqiqat metodunun düzgün seçilməsi və əsaslandırılması;
  3. Nəticələrintədqiqat metoduna uyğun analiz edilməsi, aydın və səlis izahı;
  4. Sahəyə töhfəsi və əhəmiyyəti;
  5. Açar sözlərin tədqiqatauyğunluğu.

Xülasələrin təqdim olunması üçün son tarix: 25 Mart 2021-ci il

Yekun tədqiqat işinin təqdim olunması üçün son tarix: 10 aprel 2021-ci il

Konfrans tarixi: 22-25 aprel