Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-03 12:02:00
Harvardlı alim “Yeni Çağırışlar”da qonaq olacaq

8 mart saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu buraxılışda Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu, dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner qonaq olacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.


AzEdu.az xəbər verir ki, Təhsil  Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da beynəlxalq qiymətləndirmə proqramlarında qabaqcıl olan ölkələrin təhsilinin uğur təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil haqqında danışılacaq.


Toni Vaqner “Bill & Melinda Gates” Fondunun baş məsləhətçisi olub. 20 ildən çox müddətdə Harvard Universitetində müxtəlif vəzifələrdə çalışıb. Qurucusu olduğu Dəyişiklik üzrə liderlik qrupuna 10 ildən çox rəhbərlik edib. Bundan əvvəl Harvard İnnovasiya Laboratoriyasında mütəxəssis işləyib. 


Beynəlxalq qurumlardan əsas çıxış (keynote) üçün dəvət alan Toni Vaqner bestseller sayılan “Qlobal nailiyyət boşluğu” (Global Achievement Gap) kitabının müəllifi olmaq üzrə 18 dilə tərcümə edilən “Yenilikçilərin yaradılması: Dünyanı dəyişdirəcək gənclərin hazırlanması” (Creating Innovators: The Making of Young People Who Will Change The World), o cümlədən “Qəlblə öyrənmək: Qeyri-ənənəvi təhsil” (Learning By Heart: An Unconventional Education), “Məktəblər necə dəyişir?” (How schools change?) kitablarının müəllifidir. O, həmçinin “Uşaqlarımızı innovasiya dövrünə hazırlamaq” (Preparing Our Kids for The Innovation Era) kitabının həmmüəllifidir. Dünyaca tanınmış film prodüseri Robert Compton ilə birlikdə “Finlandiya fenomeni: Dünyanın ən təəccüblü məktəb sisteminin içində” (The Finland Phenomenon: Inside The World’s Most Surprising School System) adlı 60 dəqiqəlik sənədli filmin yaradıcısıdır. 


Qeyd edək ki, sözügedən proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.