https://www.zirve.edu.az/
2021-02-22 11:40:00
Azərbaycan və Türkiyə arasında təhsil anlaşması, ali təhsilin qismən bərpası-Təhsil İcmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 15-21 fevralda təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

15 fevraldan xüsusi məktəblərdə ənənəvi tədris bərpa edilib:

 

Təhsil Nazirliyindən  verilən məlumata görə, fevralın 15-dən xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədris ənənəvi formada bərpa olunur.

 

Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub:


Fevralın 16-dan ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

 

 

AMEA-da otaq çatışmazlığından 8 şöbə ləğv olunub:

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilir.

 

Bununla bağlı məsələ institutun elmi şurasının iclasında müzakirə edilib və təsdiqlənib. Qərara əsasən, institutun 8 şöbəsi ləğv olunur.

 

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlanıb:

 

10-12 fevral 2021-ci il tarixlərində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə  www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.

 

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib:

 

17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək. 

 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

 

Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub:

15 fevral tarixindən etibarən peşə təhsili müəssisələrində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb.

 

Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol imzalanıb:

 

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək məqsədilə Türkiyə Respublikasında səfərdədir.

 

Səfər çərçivəsində fevralın 19-da təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u imzalamışdır. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

 

İndi isə ötən həftənin əsas açıqlamalarına nəzər salaq:

 

Təhsil Nazirliyindən orta məktəblərdə əyani dərslərin artırılması ilə bağlı açıqlama verib:

 

22 fevraldan etibarən yeni cədvələ əsasən həftədə iki dəfə məktəbə gedəcək V-XI sinif şagirdləri 1 gün 4 dərs, digər gün isə 3 dərs keçəcəklər.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov  bildirib ki, əyani dərslərin sayının məktəblər tərəfindən artırılması mümkündür:

 

“Bunun üçün xüsusi qərara ehtiyac yoxdur. Hər məktəb şagird sıxlığına əsasən, dərslərin sayını özü tənzimləyə bilər”.

 

Nazirdən etiraf: “Distant təd­ri­sə hə­lə də qo­şu­la bil­mə­yən­lər var”:  

 

Təh­sil müəs­si­sə­lə­rin­də "Mic­ro­soft Teams” plat­for­ma­sın­­dan ödə­niş­siz is­ti­fa­də üçün im­kan­lar tə­min edi­lib, la­yi­hənin əha­tə dairə­si hər gün da­ha da ge­niş­lən­di­ri­lir. La­kin bu­nun­la ya­­na­şı, bə­zi ailə­lər­də zə­ru­ri tex­no­lo­gi­­ya­la­rın ol­ma­ma­sı sə­bə­bin­dən distant təd­ri­sə hə­lə də qo­şu­la bil­mə­yən­lər var.

 

Bunu təhsil naziri Emin Əmrullayev Milli Məclis jurnalına müsahibəsi zamanı  deyib.

DİM imtahan iştirakçılarına müraciət etdi-Bu kimi hal işimizi çətinləşdirir:

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də qəbul və imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir. Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd göstərirlər.

 

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.


Müharibədə iştirak edən müəllimlər üçün apellyasiya təşkil olunacaq?-RƏSMİ CAVAB:

 

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə dekabr ayından start verilib. Onlayn müsahibə prosesi yekunlaşdıqdan sonra  nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir”.

 

Nəticəsi ilə razılaşmayan namizədlər üçün apellyasiya təşkil olunacaq?

 

İnsan resursları Mərkəzi xəbər verir ki, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya təşkil olunacaqdır.

 

Eyni ildə iki ixtisas qrupu üzrə imtahan vermək mümkün olacaq?-DƏQİQ CAVAB

 

Qəbul imtahanlarında şagirdləri maraqlandıran məqamlardan biri də cari tədris ilində iki müxtəlif  qəbul qrupu üzrə müsabiqədə iştirak etməklə bağlıdır. 

 

I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. 

 

V qrup üzrə ikinci mərhələ keçirilmədiyinə, məzunlar buraxılış imtahanının nəticəsi ilə müsabiqədə iştirak etdiyinə görə eyni vaxtda I-IV qruplar üzrə  imtahan verməkdə çətinlik yaşamırlar. 2021-ci qəbul ili üçün də V qrupla bağlı dəyişiklik olmayacaq.

 

DİM keçid balı barədə aparılan müzakirəyə aydınlıq gətirib:

 

Yanvarın 22-də "Ali təhsil haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi qrupunun videokonfrans formatında görüşündə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən keçid ballarının aşağı salınması ilə bağlı hər hansı təklif səsləndirilməyib, “keçid balının aşağı salınması” ifadəsi də düzgün deyil”. 

 

Keçid balı DİM və ya hər hansı digər qurum tərəfindən müəyyənləşdirilmir: “Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Hazırkı müsabiqə şərtlərini isə ali təhsil müəssisələrinə qəbul prosesinin tənzimlənməsində qaneedici hesab etmək olar. Belə ki, 2020-ci il, həmçinin daha əvvəlki illərdə aparılan qəbul imtahanlarının nəticələrinə baxsaq, statistik göstəricilərin bir-birinə yaxın olduğunu görərik”.

 

Bu namizədlər onlayn müsahibədə iştirak etməyəcəklər:

 

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibə mərhələsinə 2020-ci ilin dekabr ayından start verilib.

 

Lakin bəzi müəllim namizədlər müsahibə mərhələsində iştirak edə bilmirlər.

 

Təhsil Nazirliyinə xəbər verir ki,  2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə elektron sənəd qəbulunda iştirak etməyən müəllim namizədlər müsahibədə iştirak edə bilməyəcək.

 

I sinfə qeydiyyat prosesi nə zaman başlayacaq?-Nazirlik açıqladı

 

Təhsil Nazirliyinin məlumatda bildirilib ki, 2021-2022-ci dərs ilində I sinfə elektron qəbulun başlanma tarixi və proseslərin aparılmasının ardıcıllığı ilə bağlı təqvim planı hazırlanır.

 

Mövzu ilə bağlı əlavə məlumat veriləcəkdir.

 

Təhsil Nazirliyi mebellə bağlı qalmaqala aydınlıq gətirdi:

 

Təhsil Nazirliyi son günlər sosial şəbəkədə yayılan dezinformasiyalara aydınlıq gətirib.

 

AzEdu.az həmin təkzibi təqdim edir:

 

2020-ci ildə Təhsil Nazirliyinin aparatının mebel alışı xərcləri 16 109.04 manat təşkil edib.

 

Magistraturaya qəbulda bu il hansı dəyişiklik ediləcək? 

 

“Magistraturaya qəbul imtahanı qaydalarında ötən illə müqayisədə  hər hansı bir dəyişiklik nəzərdə tutulmur”.

 

Bu haqda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.

 

 Magistraturaya qəbul imtahanı ilə bağlı danışan X.Xanlarzadə, prosesdə hər hansı dəyişikliyin olmadığını bildirib:

 

“Magistraturaya qəbul imtahanı qaydaları ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. İmtahan 1 mərhələli  keçiriləcək. Qəbul imtahanları Bakı, Naxçıvan Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində baş tutacaq”.