https://www.zirve.edu.az/
16.01.2021 14:26
Artıq, mənim də simvolik olsa belə, “Xarı bülbül”üm var…-Nadir israfilov

 

 

 

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir bitki növü olan, Şuşanın milli simvoluna çevrilən, dünyanın heç bir yerində rast gəlinməyən, təbiətin möcüzəsi sayılan “Xarı bülbül”ü canlı təbiətdə görməsəm belə, onun haqqında çox eşitmişdim, sanki gülün üzərinə qonmuş bülbülü xatırladan, bülbülün bağrının altındakı  al-qırmızı rəngə boyanan bu gül haqqında müxtəlif rəvayətlər oxumuşdum. Deyilənlərə görə Şuşa dağlarında bitən qeyri-adi bu gülə bu ad bülbülə bənzədiyinə görə verilib. “Xar” sözü isə tikan mənasını verir, yəni “tikanlı bülbül”.

 

Xarıbülbülün yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitməsi barədə bir rəvayət isə xüsusilə diqqətimi çəkmişdi. Heyrətamiz və kövrək olan bu gül ilə bağlı deyilənə görə Fətəli şah  Şuşa üçün qəribsəyən arvadı, Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa üçün bir bağ saldırır. Bu bağda Qarabağda, Şuşada bitən bütün ağacları, gülləri əkirlər. Hamısı bitir, bircə xarıbülbüldən başqa. 

 

Uzun illər Elmi-Tədqiqat institutlarından birində çalışdığımdan, işimiz-gücümüzün əsasən eksperiment aparmaqdan ibarət olduğundan,  “Xarı bülbülü” də sınaqdan keçirməyi qərara aldım. Şuşada iki dəfə olduğuma baxmayaraq, şuşalı dostlarımdan birindən həmin gülün toxumlarından mənə gətirməyi xahiş etdim. Təbiət həvəskarı, xüsusilə də gül-çiçəyə olan böyük marağımdan, həmin toxumların bir qismini Bakıdakı mənzilimdə gül dibçəyində əkib, digər qismini Nabrandakı bağ evimin həyətyanı sahəsinə səpdim.

 

Hər cür qulluq etməyimə baxmayaraq, nə dibçəkdəki, nə də həyətyanı sahədəki toxumlar cücərmədi ki, cücərmədi. Əgər, bunun bir səbəbi, şimal bölgəmizin sərt iqlimi idisə, ev şəraitindəki toxumların əmələ gəlməməsindən yeganə çıxardığım nəticə o ola bilərdi ki, yəqin bu toxumlar öz doğma torpaqları üçün qəribsəyiblərmiş. Nə deyim, başqa səbəb düşünə bilmirəm...

 

Bununla belə, “arxa cəbhənin təhsildə göstərdikləri fədakarlığa, gənclərin yetişməsindəki fəaliyyətlərinə görə” Hədəf Şirkətlər Qrupunun “Xarı bülbül” mukafatı ilə təltif edilməyim bu arzumun gerçəkləşməsində müəyyən təsəlli oldu. Buna görə Şirkətlər Qrupunun qurucusu Şəmil Sadiqə təşəkkürümü bildirməyi özümə borc bilirəm. Bu kiçik heykəlcik hər kəs üçün stimullaşdırıcı bir mükafatdır. Artıq mənim də simvolik olsa belə, “Xarı bülbül”üm var…

 

 

Ölkə başçımızın ailə üzvləri ilə birgə Şuşa səfəri isə, bu bölgəyə yaxın vaxtlarda növbəti səfərimin baş tutacağına, digər məqsədlərlə yanaşı, Xarı bülbülü də öz gözlərimlə canlı seyr etmək arzumun reallaşacağına ümidlərimi birə-beş artırmış oldu.

 

 

 

 

Bu gün ölkənin hər bir vətəndaşı kimi, hər bir təhsil işçisinin də vəzifəsi, imkanı daxilində “Qarabağ Azərbaycandır!” çağırışına öz töhvəsini verməkdir. Artıq, Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb: “Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır.”