Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-02 13:32:00
Nostrifikasiya qaydaları yenidən işlənməlidir-Osman Gündüz çağırış etdi

“Xaricdə DİSTANT formada oxuyub diplom alanların bu diplomların ölkəmizdə tanınmaması ilə bağlı hökuməti və ya Təhsil Nazirliyini məhkəməyə verməsi üçün ciddi əsaslar yaranıb”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.

“Artıq bir ildir ki , ölkəmizdə ali təhsil distant formadadır. Güman ki, bu, bir müddət də davam edəcək.

İmtahanlar da distant formada təşkil olunur. Beləliklə, təhsil alma forması distantdır və qiymətləndirmə də distantdır.

Yekunda isə bütün tələbələrə dövlət sənədi olan diplom təqdim olunacaq.

Qəribədir ki, Təhsil Nazirliyi məhz təhsil formasının distant formada olmasını əsas gətirərək xaricdə distant formada təhsil alanların sənədlərini ümumiyyətlə yaxın buraxmır”.

 

O,  distant təhsil müddətində xaricdə təhsil alanların diplomlarının təsdiqlənmə prosesində müəyyən problemlər olduğunu vurğulayıb:

“Məlum Qaydalarda imtina ilə bağlı belə bir bənd var:

"Xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə".

Artıq məlum olduğu kimi , ölkəmizdə bütün ixtisaslar üzrə distant forma tətbiq olunur.

Yəni, xarici distant diplomun tanınmasından imtina üçün əsaslar aradan qalxıb.

Amma TN bu bəndə əsaslanaraq xarici distant diplomları müzakirə predmetinə çevirmir. Bu tip təhsilalanlar , distant səbəbindən birmənalı olaraq rədd edilir”.

 

Beləliklə ziddiyətli vəziyyət yaranır.

Ölkədə distant formada alınan diplom dövlət tərəfindən tanınır amma, məsələn Harvardı distant bitirənin diplomu tanınmır”.

Ekspert bildirib ki, nostrifikasiya qaydaları yenidən işlənməlidir:

 

“Bu nə dərəcədə doğru bir yanaşmadır?

Xarici ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiqlənən təhsil sənədinin tanınmaması , indiki halda, düşünürəm ki , ikili standartdan başqa bir şey deyil.

Ölkəmizin təhsil sistemində yeni yaranmış situasiya hüquqi müstəvidə Təhsil Nazirliyini çıxılmaz vəziyyətə salan bir fakta çevrilib.

Fikrimcə, hökumət, Təhsil Nazirliyi bununla əlaqəli qanunvericiliyin təkmilləşdirilməsinə başlamalıdır.

"Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" yenidən işlənməlidir.

Diplomların tanınmasına , təhsil formasından və təhsil aldığı ölkədən asılı olmayaraq ümumi, vahid qaydalar əsasında yanaşmaq doğru olardı”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları