Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-26 12:00:00
Nazirlikdən Təhsil Şöbələrinə hansı yeni təlimatlar göndərilib?- Müdirlərlə sorğu

 

 

Sentyabrın 15-dən ölkəmizdə mərhələli qaydada ənənəvi dərslərə başlanıldı.

 

Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabrda verilən qərarına əsasən, bütün təhsil  müəssisələrində tədris 2 noyabrdan distant formada davam etdirildi. 

 

Təhsil Nazirliyi tərəfindən yeni tədris ili başlayandan Rayon Təhsil Şöbələrinə yeni təlimatlar göndərilir.

 

Bu təlimatlar nələrdən ibarətdir və hansı formada  həyata keçirilir?

 

AzEdu.az rayon təhsil şöbələrinin rəhbərləri arasında keçirilən sorğunu təqdim edir:

 

Biləsuvar RTŞ-nin rəhbəri  Aqşin Bağırov:

 

“Təhsil Nazirliyi tərəfindən Təhsil Şöbəsinə göndərilən bütün yeni təlimatlar məktəblərə də çatdırılıb.  Təlimatların yerinə yetirilməsinə nəzarət məqsədilə direktorlarla mütəmadi əlaqə saxlanılır, onlayn görüşlər keçirilir. Həmçinin,  bütün məktəblərə aidiyyatı üzrə məsləhətçilər təhkim olunub. Yerində aparılan proseslər izlənilir”.

 

Ağstafa RTŞ-nin rəhbəri Mədəd Zeynalov:

 

“Ağstafa Rayon Təhsil Şöbəsinə rəhbər kimi 2020-ci il oktyabrın 1-dən təyin olunmuşam. Dərs bölgüsü ilə bağlı təlimat məndən öncə göndərilib. Oktyabrın 1-dən sonra isə - “distant dərslər hansı formada keçilməlidir?”,  “şagirdlər evdən təhsilə necə cəlb olunmalıdır?”, “ sinif jurnalları necə yazılmalıdır?” - bu barədə təlimatlar almışıq.

 

Saat 18:00-dək distant dərsə cəlb olunan şagirdlərlə bağlı statistikanı ( neçə nəfər Virtual məktəbdə qeydiyyatdan keçdi, onlayn dərsə qatıldı, zoom və digər platformalardan neçə şagird yararlandı, tele-dərslərə nə qədər şagird baxdı və sair)  Təhsil Nazirliyinə təqdim edirik”.

 

Laçın RTŞ-nin rəhbəri Nicat Həsənov:

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən xüsusi karantin rejimi dövründə bütün təhsil müəssisələrində 2 noyabr 2020-ci il tarixdən tədris və təlim-tərbiyə prosesi distant formada təşkil edilib.

 

Ümumtəhsil məktəblərində tədris olunan bütün fənlər, dərsdənkənar və dərnək məşğələləri Tədris Planına uyğun olaraq distant formada tədris olunur.  Tədris prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun həyata keçirilir.  Fənlərin tədrisi “Mikrosoft Teams” proqramı üzərindən “Virtual məktəb”də aparılır. Rayonun müharibə zonasında yerləşən məktəbləri istisna olmaqla, qalan məktəblərin müəllim və şagirdləri virtual məktəbdə qeydiyyatdan keçib. Hazırda dərslər bu platformadan keçirilir. Bu proqramda dərs cədvəllərinin yerləşdirilməsi, tapşırıqların verilməsi, şagirdlərin hazırlıq səviyyəsinin yoxlanılması və digər zəruri işlərin görülməsi üçün əlverişlidir.

 

Müharibə zonasında və internet çıxışı məhdud olan ərazilərdə yerləşən məktəblərimizdə təhsil alan şagirdlərimiz teledərslərə baxırlar və müntəzəm olaraq bununla bağlı valideynlərlə əlaqələr saxlanılır. Verilən təlimat və tapşırıqlar məktəblərə vaxtında çatdırılır və çalışırıq ki, xüsusi karantin rejimi dövründə şagirdlərimiz təhsildə geri qalmasın”.

 

İmişli RTŞ-nin rəhbəri Ələmdar Quliyev:

 

“Distant dərslər, müəllim və şagirdlərin onlayn dərslərə cəlbi və tele-dərslərin izlənilməsi ilə bağlı Təhsil Nazirliyinin təlimatlarına əsasən, hər gün statistika təşkil edilir. Bu statistika məktəb direktorlarından gün sonunda tələb edilir və təhlil olunur. Çatışmazlıların aradan qaldırılmasında bunun mühüm rolu var. 2 həftədən bir məktəb direktorları ilə fərdi qaydada virtual görüşlər təşkil olunur. Həmçinin, Təhsil Nazirliyi tərəfindən göstəriş verilib ki, müxtəlif fənlərin tədrisi prosesində hərbi vətənpərvərlik mövzularına da yer verilsin”.

 

Qubadlı RTŞ-nin rəhbəri  Fuad Bədəlov:

 

“Yeni dərs ili başlayandan-15 sentyabrdan Təhsil Naziri Emin Əmrullayev tərəfindən təsdiqlənən “Əsas tədris planı” və “Uyğunlaşdırılmış tədris planı” hazırlanıb. Həmin plana uyğun olaraq, dərs saatlarının bölünməsi, tariflənmənin işlənməsi məsələləri məktəblərdə tənzimlənib. Noyabrın 2-dən bütün tədris mərkəzləri distant formada təhsilə keçdi. Sentyabrın 15-dən bu günədək heç bir dərs saatının azalıb-çoxalması məsələsi yoxdur. Tədris planında göstərilib ki, fakültətiv dərslər dərs cədvəlinə salınmaqla yazılır, riyaziyyat fənninə verilən  saatlar uyğunlaşdırılmış dərs cədvəlində İngilis dili fənninə verilməklə keçirildi.

 

Bunlar noyabrın 2-dək olan göstərişlər idi. Noyabrın 2-dən sonra isə Əsas Tədris  Planına uyğun olaraq dərs cədvəlləri hazırlaıb və distant dərslər buna uyğun keçirilir”.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları