Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-13 13:02:00
"Şuşadan, səsli-küylü məktəb həyatımdan, çox mehriban sinif  yoldaşlarımdan ayrı düşdük" - Şuşalı müəllim

Şuşalı müəllimlər doğma yurdda keçəcəkləri ilk dərsi səbirsizliklə gözləyirlər

 

8 noyabr 2020-ci il. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın heç vaxt unutmayacağı tarixi bir gün. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın qeyrət qalası, mədəniyyətimizin beşiyi, 28 il mənfur ermənilərin tapdağı altında qalan dilbər guşəmiz Şuşanın işğaldan azad edildiyini bəyan etdi.  Ölkə Prezidenti İlham Əliyevin başçılığı altında Müzəffər Azərbaycan Ordusunun əsgərləri tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək  qanları, canları bahasına uzun illər həsrətində olduğumuz Şuşanı bizə qaytardı. Bu qürurverici xəbərdən heç iki gün keçməmiş Ali Baş Komandan xalqımıza daha böyük bir müjdə verdi. Qarabağ tamamilə işğaldan azad olundu. Biz ölkə Prezidenti cənab İlham Əliyevin illərdir apardığı məqsədyönlü siyasəti, böyük iradəsi, Şanlı Ordumuzun şücaəti ilə, şəhidlərimizin qanı bahasına böyük bir tarixi qələbə qazandıq.  Belə bir tarixi günlərdə Şuşa təhsil işçiləri öz sevinclərini bizimlə bölüşüb.

 

“Bu sevinci bizə yaşadan Ali Baş Komandana minnətdaram”

 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Nazilə Ələkbərova doğma yurda getmək üçün çox səbirsizləndiyini deyir: - Mənim uşaqlığım, gəncliyim füsunkar gözəlliyə malik olan Şuşada keçib. Gəncliyimin ən gözəl illəri Hüsü Hacıyev adına 4 nömrəli tam orta məktəbində, 2 nömrəli riyaziyyat təmayüllü internat məktəbində müəllim işləyən illərə təsadüf edir. İnternat məktəbində Azərbaycanın digər rayonlarından oxumağa gələn uşaqları Şuşanın mədəni, tarixi abidələri,  fauna-florası haqqında məlumatlandırdığım günləri fəxrlə xatırlayıram.

 

28 il 6 aylıq ayrılıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi  və qüdrətli  Azərbaycan Ordusunun şücaəti ilə ruhumuzda yaşatdığımız doğma Şuşada  üçrəngli bayrağımız dalğalanır. Bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Əsgər və zabitlərimizə eşq olsun deyir, şəhidlərimizə rəhmət diləyir, qarşılarında baş əyirəm.

 

Cənab Prezidentimiz İlham Əliyevin Azad Şuşamızı dirçəldəcəyindən əminəm. Əvvəlkindən daha abad, daha müasir olacaq. İnci adına layiq olacaq mənim Doğma Şəhərim...

 

“Bütün torpaqlarımızın düşmən tapdağından qurtulduğunu eşitmək bizim üçün böyük sevinc idi”

 

Şuşa rayonu Malıbəyli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi, Əməkdar müəllim Nailə İbrahimova fərəh dolu günlər yaşadığını bildirir. O, Şuşasız  keçən  28 ilin çox ağrılı,  əzablı  olduğunu  deyir: - 1992-ci  ildə 366-cı alayın köməyi ilə ermənilər kəndimizi işğal etdilər. Şuşasız, Malıbəylisiz 15 il “Zuğulba” sanatoriyasında, 13 il isə Ramanada dövlətimizin tikib verdiyi evlərdə həsrət dolu günlərimizi, aylarımızı keçirdik.

 

Prezidentimiz “Şuşa işğaldan azad olundu” xəbərini deyəndə sevincimdən ağladım. Qızlarım, nəvələrim də mənə qoşuldu. Gözümüz həm gülür, həm sevinc yaşı axıdırdı.

 

Var olsun Prezidentimiz, Azərbaycan Ordusuna eşq olsun!

 

Şuşanın azad olunmasından sonra bütün torpaqlarımızın düşmən tapdağından qurtulduğunu eşitmək bizim üçün böyük sevinc idi. İnşallah doğma yurda qayıdacağıq, kəndimizi, məktəbimizi dirçəldəcəyik. Kəndimizin gül balalarına yazmaq, oxumaq öyrətmək üçün Allahın izni ilə ömrümün qalanını da sərf edəcəyəm ki, vətənpərvər gənclik yetişdirək.

      

“Artıq şagirdlərimə zəfərlərimizdən danışacağam”

 

Şuşa rayon  5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi   İlahə İbrahimova 1983-cü ildə  Şuşa şəhərində anadan olub. II sinfə qədər Şuşa şəhər 4 nömrəli orta məktəbdə təhsil alıb. Bütün şuşalılar kimi onun da sevincinin hədd-hüdudu yoxdur. O, həmişə Şuşanın azad olunacağı günü səbirsizliklə gözlədiyini və ümidini heç vaxt itirmədiyini deyir: - Bütün şuşalılar kimi müharibə mənim də həyatımda ağır illər buraxdı. Belə ki, füsunkar gözəlliyə malik olan Şuşadan, səsli-küylü məktəb həyatımdan, çox mehriban sinif  yoldaşlarımdan ayrı düşdük. Ancaq qəlbimdə Şuşa həsrəti ilə yaşadım və işğaldan sonra təhsilimi Bakı şəhərində davam etdirdim.

 

Ən böyük arzum müəllim olub, Şuşa məktəbinin birində doğma şuşalı şagirdlərimə təhsil vermək, tariximizi öyrətmək olub. Beləliklə, 2017-ci ildə MİQ imtahanı verərək, yüksək nəticə ilə Şuşa rayon 5 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi kimi qəbul olundum. Bu gün xalqımız kimi mən də həddən artıq sevinirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağın möhtəşəm qələbəsinə, Şuşanın işğaldan azad olunmasına nail olduq.

 

Artıq şagirdlərimə zəfərlərimizdən danışacağam. Torpaqlarımızın işğaldan azad olunması məndə ikiqat sevinc və həvəs yaratdı. Belə ki, tezliklə Qarabağda, doğma Şuşamızda öz həmyerlilərimizin övladlarına təhsil verəcəyəm. Bundan daha böyük xoşbəxtlik ola bilməz. Mən rəhbərimizlə, ordumuzla, xalqımızla, dövlətimizlə fəxr edirəm.

        

“Şuşa adını eşidəndə...”

 

Şuşa rayon 19 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Rəfail Məmmədov şuşalı olduğu üçün fəxr etdiyini bildirir: - Şuşa adını eşidəndə qəlbimdə o qədər acılı-şirinli xatirələr yaranır ki... Bircə onu deyə bilərəm ki, Şuşada doğulmaq, yaşamaq, işləmək özü bir xoşbəxtlikdir. Çünki Şuşa Azərbaycan xalqı üçün son dərəcə müqəddəs, ziyarətgah qədər əziz olan yurd yeridir.

 

8 noyabr 2020-ci il tarixədək hamımızın qəlbində Şuşanın özü boyda bir nisgil yaşayırdı, çünki Şuşa kimi tarixi bir şəhərimizi itirmişdik. Lakin həmin tarixdə Ulu Tanrının izni, Ali Baş Komandan, hamımızın Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində Şuşa işğaldan azad edildi. Şuşanın azad edilməsindən sonra daha böyük qələbə sevinci yaşadıq. Qarabağ tamamilə işğaldan azad edildi. Biz qələbə çaldıq. Bu qələbəni biz həmişə fəxrlə xatırlayacayıq.

 

Qarabağ Azərbaycandır!

 

“Şuşalı, qayğısız, atalı-analı günlərim yada düşür”

 

Şuşa şəhər  6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Raisə Fərəcova da öz sevincini bizimlə bölüşüb:  - Mən Şuşada doğulmuşam. Ömrümün 30 ildən çoxunu o cənnət məkanda keçirmişəm.

 

Uşaqlıq illərimi xatırlayanda gözlərim gülür, yaşadığım şuşalı, qayğısız, atalı-analı günlərim yada düşür.

 

Təbiətin bu diyara bəxş elədiyi gözəlliyi ata-babalarımız ülvi bir gözəlliyə çevirmişdi.  Onun əsrarəngiz, ecazkar gözəlliyi, mədəni mühiti bizi elmə, təhsilə, yaradıcılığa həvəsləndirirdi.

 

Hər il may ayında Şuşada mahnı bayramı keçirilərdi. Azərbaycanın görkəmli insanları oraya gəlir, mahnı bayramında iştirak edirdilər.

 

Biz çox həvəslə geyinib-keçinib Cıdır düzünə qalxır, kəklikotu, qaymaqçiçəyini yığa-yığa bayramda iştirak edirdik. O güllərin ətri bizi bihuş edirdi.

 

Mən Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. M.P.Vaqifin həyat və yaradıcılığını onun məqbərəsi yanında keçirdim. Xurşidbanu Natəvanın həyat və yaradıcılığını onun evində keçirib, şagirdləri Nəvvabın, Zakirin ev-muzeylərinə aparır, onların dəfn yerlərini göstərir, elmə marağı daha da artırırdım.

 

Allaha şükür, bitdi o həsrət. Şanlı Ordumuzun, Ali Baş Komandanımızın qətiyyətli fəaliyyəti nəticəsində Şuşamız azad olundu. Mən onların qarşısında baş əyir, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah Ordumuzu və Ali Baş Komandanımız cənab İlham Əliyevi pənahında saxlasın.

 

“Biz Qarabağın, Şuşanın geri alınması ümidilə yaşayırdıq”

 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova deyir ki, həyatının ən xoş və həyəcanlı günlərini Vətən müharibəsinin davam etdiyi 44 gündə yaşayıb. Onun üçün ən yaddaqalan gün isə Şuşanın azad olunması və düşmən üzərində möhtəşəm qələbə çalındığı gündür: - Mən Şuşada dünyaya göz açmışam və erkən yaşlarımda öz elimdən, obamdan didərgin düşmüşəm. Bizim uşaqlığımızın ən acı xatirələri ermənilərin atdığı mərmi səsləri və qorxu içində keçib. Bakıya gəldikdən sonra da oradakı xatirələrim daima gözümün qarşısında idi. Biz həmişə Qarabağın, Şuşanın geri alınması ümidilə yaşamışıq. Nəhayət, cənab Ali Baş Komandan bu xəbəri bizə çatdırdı. Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və 28 illik həsrətə son qoyaraq bizi doğma yurdumuza, Qarabağa qovuşdurdu. Cənab Prezident Azərbaycanın gücünü dünyaya göstərdi.

 

“Həsrətində olduğum Şuşanı qarış-qarış gəzəcəyəm”

 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayla Qurbanzadə də öz hisslərini bizimlə bölüşüb: - Şuşalı olsam da, çox təəssüflər olsun ki, mən o dilbər guşəni görməmişəm. Valideynlərim, babam, nənəm Şuşanın gözəlliyindən, əzəmətindən, oradakı xatirələrdən söz açdıqları zaman mən oranı xəyallarımda canlandırmağa çalışmışam. Bu gün xoşbəxtəm ki, həmin gözəllikləri öz gözlərimlə görəcəyəm. Həsrətində olduğum Şuşanı qarış-qarış gəzəcəyəm. O günü səbirsizliklə gözləyirəm. Arzu edərdim ki, Şuşada ali təhsil müəssisələri, universitetlər fəaliyyət göstərsin və mən də həmin universitetlərdə təhsilimi davam etdirim.  Arzuladığım sahənin mütəxəssisi kimi yetişərək xalqıma fayda verim. (Azərbaycan müəllimi)