Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-13 12:02:00
Məzuniyyət maaşı bu cür hesablanır – Müəllimlər nədə səhv edirlər?  

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

 

AzEdu.az məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanma qaydasını təqdim edir:

 

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

 

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir.

 

Burada 30,4 - ayın təqvim günlərinin orta illik miqdarıdır.

 

Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

 

İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

 

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

 

Orta aylıq əmək haqqı = ((ƏH1*Ə1+ƏH2*Ə2+...)+ƏH)/N

 

Burada, ƏH1, ƏH2, ... - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından əvvəlki ayrı-ayrı artım dövrlərində işçinin əmək haqqının cəmi;

 

ƏH - tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

 

Ə1, Ə2, ... - son kütləvi artımından sonra tarif (vəzifə) maaşının əvvəlki artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətdən alınan təshih əmsalları;

N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

 

Qeyd: məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.