Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 14:15:00
Nigarın müəllimindən təsirli sözlər – “Hələ də özümə gələ bilmirəm” - FOTOLAR

17 oktyabrda erməni terrorçuları  tərəfindən Gəncədə baş verən terror aktı nəticəsində Gəncə şəhər K.Uşinski adına 29 nömrəli tam orta məktəbdə təhsil alan 3 şagird dünyasını dəyişib.

 

Onlardan biri, 10-cu sinif şagirdi Nigar Əsgərova baş verən erməni təcavüzü nəticəsində həlak olub.

 

Hadisənin ən ağrılı məqamlarından biri də ondan ibarət idi ki, Nigar öldükdən bir gün sonra onun 15 yaşı tamam olacaqdı. Lakin mənfur ermənilər onun bu xoş günü qarşılamasına imkan vermədilər.

 

Bir çox sosial şəbəkə izləyiciləri 18 oktyabrda Nigarın ruhunu anaraq onun doğum günü təbrik etdilər.

 

AzEdu.az-a danışan Gəncə şəhər K.Uşinski adına 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin, Nigarın sinif rəhbəri Bəsti Cəfərova hadisənin onda üzücü təsir bağışladığını, hələ də özünə gəlmədiyini qeyd edir:

 

 

“Nigara görə neçə gündür ki, elə hey ağlayıram. O, bir cənnət quşu idi, mələk kimi uçdu, getdi göylərə... Hadisə mənə o qədər təsir etdi ki, Aərbaycan dili və ədəbiyyat müəllimi olaraq Nigar haqqında məqalə yazıdm.  Mən həm də onun sinif rəhbəri idim. 36 illik müəllim həyatımda o tərbiyədə heç kimi görməmişdim. Onun kimi qız ölməyə layiq deyildi. O, heç vaxt dərsə gecikmirdi. Heç bir sinif yoldaşı ilə söz-söhbəti  olmaz, hətta parta yoldaşı ilə də bircə dəfə də olsun mübahisə etməzdi.

Həmişə ona deyərdim ki, bu qədər sakit olma, bir az bərkdən danış. O da üzümə baxıb gülər və heç nə deməzdi”.

 

Bəsti xanım Nigarla bağlı təsirli xatirəsini bizimlə bölüşür:

 

“Nigarın evi məktəbimizə yaxın idi. Bir dəfə ona dedim ki, sinifdəki gülləri yay ayları müddətində qulluq etmək üçün evinizə apar və məktəb açılanda gətir. O, da başını buladı ki, evimizə aparmaq istəmirəm. Səbəbini soruşanda dedi ki,  birdən güllərə suyu gec verərəm, onlar da  quruyub solar. Yəni, belə yaxşı və gənc insana ermənilər qıydı. Allah ona rəhmət eləsin, o, cənnətə qovuşdu.

 Allah ermənilərə lənət eləsin , kökləri kəsilsin.  Gül kimi qız idi, lakin ömrünün bahar çağında dünyadan köçdü. Neçə gündür ki, çox kövrəldiyim üçün özümə gələ bilmirəm. Bütün şagirdlərim mənə zəng edərək, təsəlli verməyə çalışır”.

 

Nigarın ölümünü qəbul etmək onun sinif rəhbəri üçün olduqca çətindir:

 

“Onun bu dərəcədə  sakitliyi mənə əlavə  pis təsir edir. O,  heç kimi incitməzdi. Məndən öncə sinifə gələr və qapını açardı, dərs bitəndə evə  heç vaxt tez getmirdi. Deyirdi ki, sizinlə birlikdə gedəcəyəm. Yol boyu əlimdən tutardı. Onun mənə bağışladığı kitabları evdə çəkməcəmdə saxlayıram. Heç vaxt təsəvvür etməzdim ki, o ölə bilər, həm də bu gənc yaşında. Mən inanmazdım ki, Nigar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olar.  Onun da torpaqlarımızın azad olunmasında payı var”.

 

Sinif yoldaşı və yaxın rəfiqələrindən olan Fatimə Mustafayeva Nigarla bağlı xatirələrini bölüşür:

 

“Nigar bizim üçün çox dəyərli idi. Dərslərini yaxşı oxuyardı.  Nigarı bütün sinif yoldaşlarımız çox istəyirdi. Gözəl bacımız, ağıllı rəfiqəmiz  haqqında danışmaq  hazırda bizim üçün çox çətindir.

 

Nigarın dünyasını dəyişməsi  hər birimizi çox kədərləndirdi. Ölüm xəbərini televiziya vasitəsi ilə aldıqda  çox məyus olduq. Erməni vəhşiliyi zamanı  dünyasını itirən hər bir vətəndaşımıza Allahdan rəhmət diləyirik. Onların qisasını igid ordumuzun alacağına inanıram. Bu vəhşilik və terrorun qarşısında  heç kimin susmayacağını bilirik.  Allah Nigara rəhmət etsin. O, həmişə bizlə birlikdə dərs oxuyardı və  günümüzü bir yerdə keçirərdik. Onun gələcək arzusu müəllim olmaq idi.  Xüsusən də, ibtidai sinif müəllimi ixtisasını çox sevirdi. Çünki uşaqları çox sevirdi, lakin bu, onun qisməti olmadı”.

 

Uşaqları bu qədər sevən birinin mənfur ermənilər tərəfindən öldürülməsinə dünya susmamalı və onlar beynəlxalq ictimaiyyət qarşısında cavablarını verməlidilər.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları