Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 10:14:00
8 müəllimi COVİD-19-a yoluxan məktəbin direktoru: “Bir valideyni də içəri buraxmırıq”

 

 

 

“Çölə çıxdıqda şagirdlərin qaydalara necə əməl etməsini müəyyyən etmək çətin olur”.

 

Bunu AzEdu.az-a açıqlamasında Quba rayon Qamqam kənd tam orta məktəbinin direktoru Sevda Abdullayeva deyib.

 

Belə ki, Qamqam kənd orta məktəbində 8 nəfərdə koronavirus aşkarlandığı üçün təhsil müəssisəsi sentyabr ayından distant təhsilə keçib və əyani tədris 12 oktyabrdan bərpa edilib.

 

Sevda Abdullayeva məktəblərində koronavirusa yoluxmanın necə baş verdiyindən söz açıb:

 

“Kənd şəraitində yaşadığımız üçün yoluxma faktının nədən qaynaqlandığını bilməmiz çox çətindir. Virusun haradan yoluxduğu haqqında dəqiq informasiyamız yoxdur. İlk olaraq kimya müəllimimizin COVİD-19 testi pozitiv çıxdı. Bundan sonra təhsil işçilərimizin bir çoxu  könüllü şəkildə  test verdilər. Çünki onlar həmin kimya müəllimi ilə ünsiyyətdə olmuşdular. Onlardan isə 7 nəfərdə koronavirus aşkarlandı. Yaranan vəziyyətlə əlaqədar  məktəbimiz karantinə alındı və tədris prosesi  dayandırıldı.

 

Şagirdlər arasında isə bir nəfərdə infeksiya aşkarlanıb. O, 11-ci sinifdə təhsil alır və dərsliklərin verilməsi zamanı koronaviruslu müəllimin həmin şagirdə infeksiya yoluxturduğundan şübhələnirik.

 

Bu elə xəstəlikdir ki, kimin hansı şəraitdə yoluxduğunu bilmək çətin olur, lakin biz məktəb daxilində qaydalara əməl edirdik. Amma çölə çıxdıqda kimin necə əməl etməsini müəyyyən edə bilmirik. Belə olan halda həmin şəxs nəzarətdən çıxır və onun infeksiyaya yoluxma riski artır”.

 

Direktor Qamqam kəndində tədrisin yenidən bərpa edilməsindən danışıb:

 

“Oktyabrın 12-dən etibarən məktəbimizdə tədris yenidən bərpa edildi. Müharibə ilə bağlı internetin verilməsində problemlər yarandı və həmin müddətdə Vatsap vasitəsi ilə dərslərimizi keçməyə başladıq. Lakin əyani təhsilin yerini başqa heç nə vermir. Çünki şagirdlə ünsiyyətdə olub, ona dərs keçmək insana tamam başqa zövq verir. Belə olduqda müəllim kimin dərsi necə qavradığını aydınlaşdıra bilir.

 

Hazırda infeksiyaya yoluxmamaq üçün məktəbimizdə bir çox tədbirlər görülür. Təhsil müəssisəsinə heç bir valideyn buraxılmır. Məktəbimiz bütün dezinfeksiyaedici məhsullarla təmin edilib. Şagirdlər buraya daxil olan zaman əllərini dezinfeksiya edirlər. Bununla bağlı müəllim və direktor müavinlərinə ciddi tapşırıqlar vermişəm. Onlar şagirdlərin kütləvi olaraq toplaşmasının qarşısını alır və bir arda olmalarına icazə vermirlər. Sanitar qovşaqlarımız mütəmadi olaraq dezinfeksiya edilir. Şagirdlər məktəbə toplu şəkildə deyil, hissə-hissə buraxılırlar. Çünki bu situasiya bir dəfə başımıza gəlib və ona görə də ciddi tədbirlər alırıq”.

 

 

Bütün müəllim və şagirdləri karantin qaydalarına ciddi şəkildə əməl etməyə səsləyirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları