Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 12:35:00
Dövlət qulluğu üzrə müsahibənin keçirilmə qaydalarına dair təlim təşkil edildi  

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları - Elnur Abbasov və Hüseyn Bəşirov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, təlimdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak ediblər.

 

Təlimdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.

 

Bununla yanaşı, təlim iştirakçıları dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə məlumatlandırılıb.