Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 10:13:00
Məktəb fobiyası və onun aradan qaldırılması yolları

Uşağın yaşından və neçənci sinifdə oxumasından asılı olmayaraq, məktəb fobiyası yarana bilər. Məktəb fobiyası sadəcə məktəbə getmək istəyinin olmaması ilə müşahidə edilmir. Hətta bəzi hallarda məktəbə rahat şəkildə gedən uşaqlarda da həmin əlamətin yaranması mümkündür.

 

AzEdu.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib.

 

Onun dediyinə görə, bu hal bir sıra əlamətlərlə özünü büruzə verə bilər: "Həmin hallar məktəbə və təlimə qarşı diqqətsizlik, təlim bacarıqlarında qəflətəm zəifləmə, sinifdə oturmamaq istəyinin baş qaldırması, sinif yoldaşlarına və müəllimlərə qarşı aqressiv münasibət, məktəb məsuliyyətini yerinə yetirməkdən boyun qaçırmaq, yuxuya getməkdə və oyanmaqda çətinlik, evdəqalma istəyi, diqqət dağınıqlığının artması, dərsdən başqa fəaliyyətlərə daha həvəsli olma və digər səbəblərlə əlaqədar ola bilər. Məktəb fobiyası səbəbsiz yaranmır. Uşaqlar çox həssas olduqlarından və məntiqi təfəkkürləri hələ çox inkişaf etmədiyindən yetkin insanların adi qəbul etdiyi hadisələr onlarda ciddi sarsıntılar yarada bilər. Məktəb fobiyasını yaradan səbəblər müxtəlifdir. Bunlara ailədən ayrılma qorxusu, ailədaxili münaqişələrə şahidlik, uşağın bacardığından daha artığının tələb edilməsi və ya onun uğur və bacarıqlarına biganə münasibət, ünsiyyət çətinliyi, məktəbdə fiziki və mənəvi şiddətə məruzqalma kimi səbəblər daxildir. Bundan başqa, uşağın psixoloji cəhətdən məktəbə getməyə hazır olmaması, müəllimin laqeydliyi və öz potensialını göstərməyə çalışan uşağa yetərincə dəstək olmaması, başqaları ilə müqayisə etməsi, ev tapşırıqlarını yerinə yetirərkən valideyn tərəfindən lazımı kömək göstərilməməsi, ailənin maddi durumunun və yaşayış şərtlərinin yetərincə olmaması, uşağın ehtiyaclarının qarşılanmaması ilə də əlaqədar ola bilər".

 

Fobiya ciddi psixoloji problemdir və vaxtında qarşısı alınmazsa, daha böyük fəsadlara apara bilər. Ona görə də ilk növbədə uşağın yaşını yox, pedaqoji bacarıqlarının məktəbə başlamaq üçün uyğun olub-olmadığını aydınlaşdırmaq lazımdır. Psixoloq deyib: "Məktəbə hazırlaşmağı uşağın təsəvvüründə məsuliyyətli prosesə çevirmək lazım deyil. Uşağa "artıq məktəbə gedəcəksən, oyuncaqlarını və oynamaq vaxtını azaldıb daha çox dərs oxumalısan, yaxşı qiymətlər almalısan" və s. kimi ifadələr əvəzinə "məktəbdə yeni dostların olacaq, birlikdə maraqlı çalışmalar yerinə yetirəcəksiz" kimi ifadələr işlətmək daha düzgündür. Daha yaxşı olar ki, yeni məktəbə gedən uşaq əvvəlcədən məktəb, sinif otağı, müəllimi ilə tanış olsun. Həmçinin məktəb ləvazimatlarının rahat və istifadə üçün asan olması da şərtdir. Uşağın gündəlik rejimini bir müddət əvvəldən məktəb dönəminə uyğunlaşdırmaq, yuxu və yemək saatlarına fikir vermək lazımdır. Uşağın dərs prosesindən başqa yoldaşları və müəllimi ilə ünsiyyətinə əhəmiyyət verilməli, məktəbdənkənar məşğələlərdə valideynin dəstəyini hiss etməlidir. Bununla yanaşı, valideynin uşaqla ünsiyyəti açıq olmalı, məktəbdə olanları ona danışmasına imkan yaratmalıdır. Onun aldığı qiymətlərə obyektiv yanaşmaq, ev tapşırıqlarını rahat şəraitdə, aqressivlik göstərmədən yerinə yetirilməsinə kömək göstərmək lazımdır".