Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-19 15:57:00
“Pandemiyada məktəbəhazırlıq qrupları üçün ev tapşırıqları tətbiq edilsin”-Böyükağa Mikayıllıdan təklif  

“Məktəbəhazırlıq elə bir dövrdür ki, bu zaman uşağın məktəbə, təhsilə baxışının, münasibətinin təməli qoyulur.”

 

 

Bunu AzEdu.az-a açıqlamasında “Məktəbəqədər və ibtidai təhsil jurnalı”nın məsul katibi, təhsil sahəsi üzrə jurnalist Böyükağa Mikayıllı deyib.

 

 

O bildirib ki, hazırda qlobal pandemiyanın nə vaxt bitəcəyi, məktəblərin normal tədris fəaliyyətinə nə zaman dönəcəyi haqqında konkret bir söz demək olmur:

 

 

“Odur ki, bizim əlimizdə müəyyən plan-proqram olmalıdır. Elə bir proqrama malik olmalıyıq ki, uşaqların mənəvi inkişafından qalmasına yol verilməsin, onlar psixoloji zədə almasınlar. Bu mənada məktəbəhazırlıq qruplarının fəaliyyətinə də xüsusi yanaşma tələb edilir.”

 

 

Məsul katib Təhsil İnstitutunun məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı təkliflərinə öz əlavəsini bildirib:

 

 

“Təhsil İnstitutunun məktəbəhazırlıq qruplarında tədrisin təşkili ilə bağlı irəli sürdüyü təkliflər, əslində mövcud reallığı əks etdirir. Amma bu təkliflərə bir nüans da əlavə edilsə, fikrimcə daha münasib olar. Bəlli olduğu kimi, məktəbəhazırlıq qruplarında ev tapşırıqları verilmir. Yaxşı olar ki, heç olmasa pandemiya dövrü üçün məktəbəhazırlıq qruplarında ev tapşırıqlarının əsası qoyulsun. Uşaqları çox yormadan evdə yarım saat, bir saat qəhrəmanlıq, təbiətə, insanlara, elmə, təhsilə maraq yaradan cizgi filmlərinə, yaşlarına münasib tədris materiallarına baxıb bu barədə öz fikirlərini söyləmələrinə, evdə yaradıcılıq imkanlarını üzə çıxaracaq müəyyən işlərlə məşğul olmalarına şərait yaratmaq olar.”

 

 

O, qeyd edib ki, bununla uşaqların həm evdə səmərəli vaxt keçirmələrinə, düşünüb, araşdırıb maraqlı nələrsə tapmalarına imkan yaranar, həm də uşaqların idraki və təfəkkür inkişafındakı ardıcıllıq pozulmaz, dünyagörüşü artar, pandemiyadan sonrakı normal təhsil dövrünə mənəvi-psixoloji cəhətdən hazırlıqlı olarlar.