Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-26 21:44:52
Dünyanın ən bahalı tədris ocaqları - Fantastik qiymətlər

Xarici universitetlərdə oxumaq istəyən və təhsilini davam etdirən tələbələrin sayı durmadan artır. UNESCO-nun məlumatına görə, dünyada təxminən 4 milyon insan əcnəbi ölkələrdə təhsil alır. 2020-ci ildə bu rəqəmin 8 milyona yüksələcəyi təxmin edilir.

Tələbələrin təhsil almaq üçün ən çox seçdiyi ölkələr arasında ABŞ, İngiltərə, Avstraliya, Almaniya və Fransa ilk beşlikdə yer alır.

Məsələn, ötən il ABŞ-a xarici ölkələrdən gələn tələbələrin sayı 6,5% artaraq, 764,495 nəfərə çatıb. Xaricə tələbə axınının əsas səbəbi kimi isə inkişaf etmiş ölkələrdə daha keyfiyyətli təhsil almaq istəyi göstərilir.

Londonda yerləşən Ali Təhsildə Reytinq Agentliyi (Times Higher Education) dünyanın ən yaxşı universitetlərinin adlarını açıqlayıb. Lakin bu universitetlərdə təhsil almaq həm seçim turlarının çətinliyi baxımından, həm də maddi cəhətdən zənn edildiyi qədər də asan deyil. Hətta dünyanın bəzi aparıcı ali təhsil müəssisələrinin illik təhsil haqları təxminən 30-40 min dollar civarındadır.

AzEDU.az saytı Londonun Ali Təhsildə Reytinq Agentliyinə istinadən, 2016-2017-ci tədris ilində ilk onluğa daxil olan universitetlərin birillik təhsil haqlarını diqqətə çatdırır:

Kaliforniya Texnologiya İnstitutu Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşir. İnstitutda təbiət elmlərinə və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Bu ali məktəb NASA-nın “Cet Propuljon” laboratoriyasını idarə edir. İnstitutun təxminən, 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olsa da, dünyanın ən yüksək reytinqli təhsil müəssisələri sırasındadır.

Kaliforniya Texnologiya İnstitutunda bakalavr pilləsində təhsil almaq üçün illik təxminən 43 min dollar ödəniş tələb olunur . Əgər əlavə olaraq yemək, kitab və texniki avadanlıqlardan faydalansanız, illik xərc 63 min dollara qədər yüksələ bilər.

Massaçusets Texnologiya İnstitutu ABŞ-ın Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına sadəcə ənənəyə görə institut deyilir. Əslində isə böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan ali məktəb elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. Universitetdə illik təhsil haqqı təxminən 46 min dollardır. Ancaq 2014-cü ilin göstəricilərinə görə, təhsil alan 91% tələbə dövlət tərəfindən maliyyə yardımı alır.

Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulub. Universitetdə birillik bakalavr təhsili 45 min dollara başa gəlir. Buna baxmayaraq,  ali məktəbdə təhsil alan tələbələrin 60%-i Harvardın təqaüd proqramlarından yararlanır.

Stanford Universiteti Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Ali məktəbin  tərkibində Stanford neyro-iqtisadiyyat yay məktəbi yaradılıb.

Universitetə müraciət edənlərin burada təhsil almaq şansı 4% təşkil edir. Yəni, əgər siz Stanfordda təhsil almaq istəyirsinizsə, böyük əmək sərf etməlisiniz. Təhsil üçün illik tələb olunan məbləğ isə  təxminən 46 min dollardır.  Üstəlik, bu qiymətə əlavə xidmətlər ( yemək, texniki avadanlıq dəstəyi və s.) daxil deyil.

Çikaqo Universiteti ABŞ-ın Çikaqo şəhərində, İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzidir. Bu ali məktəb ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. ABŞ-da ən böyük universitet nəşriyyatı burada yerləşir. Universitetin nəzdində ölkədə ilk dəfə olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb. Əgər Çikaqo universitetində təhsil almaq istəyirsinizsə, illik 49 min dollardan keçməlisiniz.

İsveçrə Federal Texnologiya İnstitutu Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində yerləşir.

Ali təhsil müəssisəsi mühəndislik və təbiət elmlərində bütün dünyada ad qazanmağı bacarıb. Təhsil haqlarının böyük qismini dövlət ödəsə də, tələb olunan məbləğ İngiltərə və ABŞ universitetlərinə görə çox aşağıdır. Ali məktəbdə 1 illik təhsil haqqı 1400 dollardır. Ancaq İsveçrədə yaşamaq üçün  pul çox tələb olunduğundan, təhsil haqqının aşağı olmağı kölgədə qalır.

Prinston Universiteti Nyu-Cersi ştatının Prinston şəhərində yerləşir. ABŞ-ın ən qədim universitetlərindən hesab olunur. Təhsil üçün sənəd verən namizədlərin sadəcə 6,5%-i bu universitetdə təhsil almaq hüququ qazanır. İllik təhsil haqqı təxminən 45 min dollardır. Əlavə xidmətlər daxil edildikdə bu xərc 63 min dollara qədər yüksəlir.

Kembric Universiteti Böyük Britaniyanın tanınmış universiteti olub, yaranma tarixinə görə Oksforddan sonra ikinci, dünyada isə dördüncü yerdədir. 1209-cu ildə bir Oksford tələbəsinin bir qadını öldürməsindən sonra bir qrup alim şəhəri tərk edərək Kembricdə universitet təsis edib.1214-cü ildə universitetin qaydaları təsbit edilib və bu qaydalarda rektorun təyini və imtahanların verilmə üsulları müəyyənləşdirilib. Orta əsrlərdə ətraf mühit haqqında biliklər monastrlarda tədris edilirdi. Monastrlardan fərqli olaraq, universitetdə elm, fəlsəfə, məntiq və riyaziyyat öyrədilir.

Oksford və Kembric universitetlərinin ümumi tarixi var və onlar daima rəqabətdədir.

Bu universitetdə illik təhsil haqqına gəldikdə isə qiymətlər fakültələrə görə dəyişir. Ən yüksək fakültə hesab olunan Kompüter elmləri fakültəsində təhsil almaq üçün tələb olunan illik məbləğ 37,800 dollardır.

Oxford Universiteti Böyük Britaniyanın ən məşhur universitetlərindən biridir. Əsası XII əsrdə qoyulub. Eyni zamanda dünyanın ən qədim ingilisdilli ali məktəbidir.

1878-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açıb. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başlayıb. 1974-cü ildən etibarən Oksfordun 39 kolleci (birindən başqa) öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişib. Hazırkı dövrdə  yalnız qadınlar üçün olan kollec St. Hilda kollecidir.

Müharibədən sonrakı illərdə (1939-1945) Oksfordun humanitar fakültələrinə tibb də daxil olmaqla təbiət və tətbiqi elmlər əlavə olunub ki, bu da dünya üçün əhəmiyyətli rolu olan intellektual və tədqiqat mərkəzi kimi universitetin şöhrətini artırıb. Ali təhsil müəssisənin ən yüksək fakültəsi hesab olunan Kompüter elmləri fakültəsində illik təhsil haqqı isə 39,500dollar təşkil edir.

Nəzrin Rüstəmova

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları