https://www.zirve.edu.az/
11.08.2020 12:07
“Kurikulum bələdçisi”nin həmmüəllifi: “MİQ-ə hazırlaşanlar bu vəsaitdən yararlanmalıdırlar”

Ötən ilin dekabrında  çapdan çıxan  və müəllimlər üçün hava-su qədər faydalı sayılacaq “Kurikulum bələdçisi”  - izahlar və tətbiqlər” vəsaiti təhsil cameəsində böyük rezonansa səbəb oldu.

 

Yayım və müəlliflik hüququ AzEdu MMC -yə məxsus olan kitabın müəllifləri Azərbaycan təhsil sistemində kifayət qədər nüfuz qazanan və kurikulum metodologiyasının tətbiq və nəzəri yanaşmanın ölkədəki əsas simaları sayılan şəxslərdir.

 

Müəllimlər üçün stolüstü vəsait xarakteri daşıyan  “Kurikulum bələdçisi-izahlar və tətbiqlər” kitabında istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar öz əksini tapıb.

 

Kitabın həmmüəlliflərindən  olan Təhsil İnstitutunun Elmi Mərkəzin rəhbəri İlham Cavadov “Kurikulum bələdçisi” nin məziyyətləri barədə  AzEdu.az-a danışıb:

 

“Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bu mövzuları bilib praktikada tətbiq etməsi olduqca vacibdir”

 

“Kurikulum bələdçisi”  kitabı müasir təhsil fəlsəfəsi prinsipinə əsaslanır. Kitabda bu prinsipə uyğun materiallar  əks olunub. Ümumtəhsilin təşkili, ümumtəhsil qanunvericiliyi, qiymətləndirmə siyasəti, müasir dərsliyin təşkilinə verilən əsas tələblər, dərsin tipləri və s. önəmli mövzular əhatəli şəkildə yer alıb. Ümumtəhsil məktəblərində çalışan müəllimlərin bu mövzuları bilib praktikada tətbiq etməsi olduqca vacib və faydalı hesab olunur. Bu vəsaitdə həmçinin təlim taksonomiyaları da öz əksini tapıb. Bu müəllimə uşağın həmçinin psixoloqu olmağa, onların yaş xüsusiyyətlərini bilməyə kömək edir”.

 

İlham Cavadov kitabın həmçinin ali təhsil mərkəzlərində də tədris vasitəsi kimi faydasını  da vurğulayıb:

 

“Kurikulum bələdçisi”nin ən vacib elementlərindən biri hər mövzudan sonra qiymətləndirmə testlərinin olmasıdır. Materialı oxuyan bütün müəllimlər özünü sərbəst şəkildə yoxlaya bilər.  Materiallar tezislər şəkildə verilib: Əvvəlcə suallar yazılıb, daha sonra mövzu.

 

Müəllim tezislərə baxaraq hansı suallara cavab tapacağını bilir. Bu vəsaitin praktikiliyindən xəbər verir. Testləri edən müəllim bir növ özü-özünü imtahan edir. Fərdi hazırlıq üçün çox lazımlı vəsaitdir. MİQ-ə hazırlaşan müəllimlər və ya müəllim olmaq istəyən son kurs tələbələri kitabdan yararlanmalıdır. Ali təhsil müəssisələrində “Kurikulumun əsasları” adlı fənn tədris olunur. Bu vəsait bu fənni öyrənən tələblər üçün də çox önəmlidir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları