Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının Baş müəllimi Xəyyam Məsiyev "Distant təhsil və onlayn tədrisdə kibertəhlükəsizliyin əhəmiyyəti" mövzusunda vebinar keçib.
AzEdu.az xəbər verir ki, vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, professor - müəllim heyəti, məktəbin kollektivi və tələbələri iştirak ediblər.
Xəyyam Məsiyev bildirib ki, distant təhsil və onlayn tədris zamanı hər bir internet istifadəçisi hansı təhdidlərin mövcud olmasından xəbərdar olmalı və bunlara qarşı diqqətli yanaşmalıdır. O qeyd edib ki, müasir dövrdəki kiber-hücumlar, təhdidlər xarakter-mahiyyət etibarilə çoxpilləli və kifayət qədər geniş spektrlidir.
“Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin də çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir. İnternetə daxil olanların sayının günü-gündən artması, milyonlarla kompüterlərin şəbəkəyə qoşulması, informasiya mübadiləsinin fasiləsiz olaraq yerinə yetirilməsi və s. bu kimi faktorlar xakerlərə imkan verir ki, qlobal miqyasda öz əməllərini həyata keçirsinlər, onları maraqlandıran sualları araşdırmaqla informasiya mübadiləsində iştirak etsinlər”.
Qeyd edək ki, vebinarda təqdim olunan təqdimatda cert.gov.az, ict.az, e-qanun.az kimi rəsmi mənbələrin məlumatlarından istifadə olunub.