Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-12 11:09:00
Ekspertdən imtahan çaşqınlığa şərh: “Bu tarixlər nisbidir, dəyişə də bilər”

“COVID-19 pandemiyasının yaratdığı böhran nəticəsində tətbiq edilən karantin rejiminin uzadılması bu il  buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı ciddi müzakirələrin ortaya çıxmasına səbəb olub. Hətta sosial şəbəkələrdə bu il imtahanların keçirilməyəcəyi ilə bağlı fikirlər də səsləndirilirdi”. 

 

Bunu AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.

 

O, buraxılış və qəbul imtahanları ilə bağlı son qərarları şərh edib.

 

“Biz əvvəlki müsahibələrimizdə də Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin rəhbərlərinin bəyanatlarına istinad edərək qeyd etmişdik ki, bu il imtahanlar mütləq keçiriləcək. Müzakirə edilən əsas mövzu ölkəmizdə koronavirus pandemiyasının yayılma və inkişaf dinamikasından asılı olaraq imtahanların Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlara əsaslanaraq nə vaxt və hansı formada keçirilməsi ilə bağlı idi.

 

Nəhayət, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 7-də KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd etdi ki, qəbul imtahanlarının 20 iyuldan sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. O qeyd edib ki, tarix dəyişə də bilər: “Bu, vəziyyətdən asılıdır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında - 700 ballıq şkala əsasında aparılacaq. I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə)”.

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu isə onlayn şəkildə 12 may-5 iyun tarixlərində aparılacaq”.

 

Baş məsləhətçi buraxılış imtahanları ilə bağlı çaşqınlıq yaradan məqamlara da aydınlıq gətirib.

 

“Buraxılış imtahanlarına gəlincə, 1 mart 2020-ci ildə Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq. Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq. Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər.

 

Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Onu da əlavə edək ki, imtahan proqramından mövzuların çıxarılması 9 və 11-ci siniflərə aiddir. Gələn il imtahan verəcək bu ilin 10-cu sinif şagirdlərinə bu, şamil edilmir. Çünki onların tam proqramı mənimsəməyə vaxt və imkanı var.

 

Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər.

 

XI sinif buraxılış imtahanlarının iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarından asılı olaraq, imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. Buraxılış vərəqələri imtahan tarixindən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

 

 

Ümumi (doqquzuncu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq”.