Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-25 16:17:00
Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi təqdirəlayiq addım olardı-Ekspert aydınlıq gətirdi

“Milli Məclisdə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə veriləcəyi ilə bağlı məsələnin gec-tez gündəmə gətiriləcəyi gözlənilən idi”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini və təhsil eksperti Nadir İsrafilov deyib.

 

O, bağçaların nazirliyin tabeliyinə keçməsi ilə bağlı fikirlərə aydınlıq gətirib.

 

“Hesab edirəm ki, təhsildə varislik və fasiləsizlik prinsiplərininin təmin edilməsi baxımından uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasının bir daha gündəmə gətitilməsi təşəbbüsü hər cür təqdirə və alqışalayiqdir. Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, ceviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər.

 

O da təqdirəlayiq haldır ki, Milli Məclisin yeni tərkibi hətta sosial izolyasiyə şəraitində belə fəaliyyətini dayandırmır və prioritet sahə saydığımız təhsilə dair artıq neçənci təklifdir ki, ümumi müzakirəyə çıxarır. Baxmayaraq ki, dünən qaldırılan məsələ neçə illərdən bəri idi ki, təhsil ekspertləri, media mənsubları tərəfindən dəfələrlə qaldırmışdı”.

 

Nadir İsrafilov bağçaların özəlləşdirməsindən söz açıb.

 

“Düzdür, ədalət naminə onu da açıq etiraf etməliyik ki, 2000-cı illərdə özəl sektoru inkişaf etdirmək məqsədilə bağçaların özəlləşdirməyə çıxarılarkən onların təyinatı üzrə işləməsində bir sıra yanlışlıqlara yol verilmişdi. Belə ki, 300-ə qədər bağçanın müəyyən hissəsi sökülmüş, onların yerində göydələnlər, şadlıq sarayları, məişət evləri və digər iaşə obyektivlərinin tikilməsinə göz yumulmuş, nəticədə məktəbəqədər müəssisələrdə nəzərəçarpacaq sıxlıq yaranmışdı.


2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilmişdi ki, bunun da nəzərəçarpacaq fəsadlarının bilavasitə şahidiyik. Düzdür bir müddət sonra təmir tikinti və təchizat yenidən Təhsil Nazirliyinə qaytarıldı”.

 

Təhsil eksperti azyaşlı uşaqların təhsilə cəlbindən söz açıb.

 

“Hazırda Strategiyaya əsasən məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin ən yüksək səviyyəyə çatdırılmasını hədəfləmişik, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması nəticəsində təhsilə hazırlanmada yarana biləcək fəsadlarin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçiririk.
“Strategiya”mıza əsasən idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoyulub

 

Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret daşımalıdır, yəni bütün məsələlər bilavasitə ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir.

 

Hesab edirəm ki, belə bir təklifin reallaşması ölkə başçısı tərəfindən təhsilimizə göstərilən diqqət və qayğıya cavab olaraq, son illərdə Təhsil Nazirliyinin apardığı davamlı və dayanıqlı işlərə verilən yüksək qiymət və layiqli töhfə olar.

 

Ümidvarıq ki, Milli Məclisin müzakirəsinə çıxarılan təklifə Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən də münasibət bildiriləcək və dəstək veriləcək”.

 

Qeyd edək ki, Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında bağçaların Təhsil Nazirliyinə verilməsi məsələsi müzakirə edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları