Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 13:32:00
Sinqapurda müəllimlərə “Zoom” platformasından istifadə qadağan olunub  

DÜNYA

 

 

Sinqapurda müəllimlərə “Zoom” platformasından istifadə qadağan olunub

 

 

Sinqapurun Təhsil Nazirliyi distant təhsil üçün “Zoom” platformasından istifadənin müvəqqəti olaraq dayandırıldığını elan edib.

 AzEdu.az yerli CNA telekanalına istinadla xəbər verir ki, bu barədə qərar platforma vasitəsi ilə keçirilən dərslərin birində kompüterlərin ekranında “ədəbsiz təsvir” peyda olduqdan sonra verilib. “Ehtiyat tədbirləri qismində müəllimlərimiz təhlükəsizlik məsələləri həll edilənə qədər “Zoom” platformasından istifadə dayandırılacaq”, - deyə nazirliyin təhsil texnologiyaları şöbəsinin nümayəndəsi Aaron Loh bildirib.

İnsident aprelin 8-də Sinqapurun şərqindəki məktəblərin birində coğrafiya fənnindən online dərs zamanı baş verib. Əvvəlcə ekranda “ədəbsiz şəkillər” peyda olub, sonra isə hakerlər qızlara əxlaqsız təkliflə müraciət ediblər.

Təhsil Nazirliyi insidentlə bağlı təhqiqatın başlandığını və “Zoom” proqramı ilə təhlükəsizlik parametrlərinin gücləndirilməsi üzrə işlərin aparıldığını bildirib. Nazirlik nümayəndəsinin sözlərinə görə, ölkədə distant təhsil davam edir və müəllimlərə digər resurslardan istifadə etmək tövsiyə olunub.

Bir qədər əvvəl “Washington Post” qəzeti “Zoom” servisindəki bir neçə min videozəngin, həmçinin işgüzar iclasların, məktəb məşğələlərinin və şəxsi söhbətlərin videoyazısının internetə düşdüyü barədə məlumat yaymışdı. Eyni zamanda Amerika senatı məlumatların təhlükəsizliyi ilə bağlı konqresmenlərə konfranslar zamanı “Zoom” servisindən istifadə etməməyi məsləhət görüb.

Qeyd edək ki, videoəlaqə üçün eyni adlı servisi hazırlayan “Zoom Video Communications” kompaniyasının əsası 2011-ci ildə qoyulub. 2020-ci ilin mart ayında proqramın bütün dünyada sutkalıq auditoriyası 2019-cu ilin dekabr ayı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon nəfərə çatıb.

Kompaniyanın aksiyaları da bu il iki dəfədən çox bahalaşıb. Sərmayədarların fikrincə, “Zoom Video Communications” kompaniyası koronavirus səbəbindən böyük gəlir əldə edəcək azsaylı təşkilatlardan biri olacaq. Servis insanlara ev şəraitində videokonfrans formatında işləməyə və təhsil almağa imkan verdiyi üçün sürətlə populyarlıq qazanır.