https://www.zirve.edu.az/
28.02.2020 15:29
Riyaziyyat və biologiyada inanılmaz yeniliklər edən şagirdlərimiz ABŞ-a niyə gedəcəklər? - Heyrətamiz ideyalar
Çap et

 

“İntel ISEF” müsabiqəsi Intel korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir.

Müsabiqə imkan verir ki, ölkəmizin ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında elm və mühəndisliyin yüksək inkişafı təmin edilsin.

Azərbaycan bu tədbirə 2011-ci ildə qatılıb, 2012-ci ildən isə iştirak hüququ qazanıb.

İntel İSEF-in 2020-ci il üzrə final mərhələri bu ilin 10-15 may tarixində Amerikada keçiriləcək.

Müsabiqənin final mərhələsinə seçilən şagirdlər təəssüratlarını   AzEdu.az-la bölüşüblər.

7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Ağabaqir Əliyev “Sabahın Alimləri” müsabiqəsində iştirak etdikdən sora “İntel İSEF”  yarışmasının final mərhələsində təmsil olunmaq  hüququ qazanıb.

“Layihəmiz “Sabahın Alimləri”  müsabiqəsində riyaziyyat nominasiyası üzrə qalib olub. Onun adı “ Fraktal nəzəriyyənin kompüter qrafikasına tətbiqi”dir. O, iki elmə inteqrasiya edir. Onlardan biri kompüter elmləri, digəri isə astronomiyadır.

Fraktal nəzəriyyə dedikdə özü-özünə oxşayan tətbiqlər nəzərdə tutlur. Burada biz onun konfiqurasiyasının tətbiqi istiqamətini  müəyyən edirik. Fraktal nəzəriyyədən çıxan şifrələri riyaziyyatda olan kompleks düsturlar ilə əvəz etmək  mümkündür. Biz düstur yazaraq onu proqrama ötürür və sonra şəkil formatına gətiririk . Əvvəllər həmin şəkil çox keyfiyyətsiz alınırdı və 8 dəfə o əməliyyatı etdikdən sonra o,  kefiyyətli oldu və  müasir kameralara çatmaq imkanı əldə etdi. Lakin alınan bu keyfiyyətli şəkil keyfiyyətsiz qədər yer tuturdu. Proqram vasitəsi ilə biz isə 5 geqabaytlıq  şəklin 1 geqabaytlıq yer tutmasını təmin edtik. Yəni, 5 dəfə az yer ilə  daha çox qənaət etmək mümkün oldu.  Biz bunu həm də astronomiyaya da  tətbiq etdik. Günəş sisteminin xəritəsini çəkib,  alınan düsturu  teleskopa ötürməklə  ona müəyyən  əmrlər verə bildik. Bu alqoritmdən istifadə edərək  günəş sisteminə uyğun planetlər tapa bilir və orada da həyatın olub-olmamasını müəyyən edə bilirik. Hazırda Amerika Marsda yeni bir həyat  yaratmaq istəyir. Lakin bunun üçün milyonlarla dollar xərcləmək lazım gəlir. Bizim bu proqram ilə  yeni həyatın varlığını daha asan şəkildə müəyyən edəcək”.

Müsahibimiz İntel İSEF hazırlıqlarından söz açıb.

“İntel İSEF hazırlıqlarımız sıx şəkildə davam edir. Burada olan məsuliyyətimiz ikiqat artıqdır. Çünki biz öz respublikamızı başqa bir ölkədə təmsil edəcəyik. Burada artıq biz öz maraqlarımızı kənara qoyub , dövlətimizin maraqlarını daha üstün tutmalıyıq. Amerikada  həm layihəmizi,  həm də öz mədəniyyətimizi təmsil edəcəyik. Orada  özümüzü çox yaxşı şəkildə təqdim etməliyik. ADA-nın süni intellekt üzrə professoru Samir  Rüstəmov ilə bu istiqamətdə  sıx şəkildə  çalışırıq”.

Müsabiqənin digər qaliblərindən biri və ABŞ-a göndərilən layihənin müəllifi  Bakı şəhər 175 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Alışanova Nigardır.

O qeyd edir ki,  elmi rəhbəri və tərəfdaşı ilə birlikdə uzun müddət onu qalib edən  layihə üzərində işləyib:

“Partnyorum Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Hacıyeva Məryəmlə  bu müsabiqə üçün bir il yarım işləmişik.  Əvvələr bu haqda sadəcə müəyyən fikirlərimiz vardı, müzakirələr edirdik. Sonradan bu fikirləri valideynlərimizlə paylaşdıq. Onlar bizi BDU-nun professoru İsmət Əhmədova yönləndirdi. Artıq birlikdə işləməyə başladıq, o bizim elmi rəhbərimiz oldu. Keçən ilin mart ayından “Baykal başlıqotu dərman bitkisində  nanodərmanın sintezi və onların antioksidant, antibakterial təsirləri” layihəsinin üzərində işləyirik. Əvvəlcə biz bu bitkidə deyil, müxtəlif texniki  bitkilərdə, məsələn, soğan, yovşan bitkiləri üzərində prosesi həyata  keçirdik. Amma effektli nəticə almadıq.  Daha sonra müəyyən bitkiləri araşdırdıq. Təsadüfən qarşımıza baykal başlıq otu çıxdı və həmin bitki haqqında müəllimin köməkliyi ilə  müəyyən elmi ədəbiyyatlardan araşdırma etdik.  Biz müəyyən etdik ki, baykal başlıq otunun tərkibində çoxlu sayda antioksidant mövcuddur və bu maddə gümüş nanohissəciklərin üzərində birləşərək nanodərman kimi funksiyalaşdırmasına gətirib çıxarır. Biz bunun üçün müxtəlif təcrübələr həyata keçirdik.  Onun tərkibində olan antioksidantların və nanohissəciklərin ölçülərini skan elektron mikroskopunda müşahidə etdik. Layihəni bitirdikdən sonra belə qərara gəldik ki, “Sabahın alimləri” müsabiqəsinə qatılaq”.

Nigar bildirir ki, onların məqsədi ABŞ-da yer tutmaqla bir ilkə imza atmaqdır.

“Keçən il tam hazır olmadığı üçün müsabiqədə iştirak edə bilmədik.   Bu il münsiflərdən çox yaxşı nəticələr əldə etdik və öz layihəmizi ingiliscə təqdim etdik. İngilis dilini əvvəlcədən öyrənmişdim, layihə boyunca daha da təkmilləşdirdim və ABŞ-a gedənə qədər intensiv olaraq ingilis dilini yüksək səviyəyə çatdırmaq niyətindəyəm.  Biz müsabiqənin mükafatlandırılması mərasimində ikinci yerə layiq görüldük və ABŞ-a göndərilən 4 layihədən biri olduq.  May ayının 15-də  Kaliforniya ştatının Anexr şəhərində İSEF müsabiqəsi keçirləcək. Ümid edirəm ki, bu müsabiqədə yer tutmaqla bir ilkə imza atarıq .Biz inanırdıq ki, müəyyən yerə layiq görüləcəyik. Çünki bizim layihəmiz dünya miqyasında çox araşdırılan sahələrdəndir.  Xaricə göndəriləcək layihə olmasına baxmayaraq, bu bizim üçün surpriz oldu”.

Qeyd edək ki, Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artmışdır. Bu da elmtutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Müsabiqədə iştirak edən ölkələrin sayı artır, coğrafiyası genişlənir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdirsə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatmışdır. Hər il Intel ISEF müsabiqəsinə yeni ölkələr qatılır. İştirakçıların sayı artdıqca şagirdlər arasında mübarizə gərginliyi də yüksəlir. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları