https://www.zirve.edu.az/
26.02.2020 15:32
Tələbələrin elmi işlərini sənayə mütəxəssisləri  qiymətləndirəcək- Ali təhsildə İLK

Ali təhsil müəsissələrində ikinci semesterin başlanması  sonuncu kurs tələbələrinin təcrübəsi və buraxılış işlərinin yazılması prosesinə də start verib.

Azərbaycan Texniki Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova AzEdu.az- açıqlamasında bildirib ki, rəhbərlik bu işə xüsusi nəzarət edir.

“Təcrübə müddəti başlayandan etibarən  rektor Vilayət Vəliyev birbaşa müəssisələrə gedir. Orada praktikaya uyğun istiqamətləri müəyyənləşdirir. Mümkün olarsa həmin müəssisələrdə Azərbaycan Texniki Universitetinin filiallarının açılması ilə bağlı danışıqlar aparır. Tələbələrin həmin müəssisələrə lazımlılığı müzakirə olunur. Eyni zamanda ixtisas müəllimləri də müəssisələrdə olur. Onlar sənayedə olan tələbləri öyrənir”.

O, həmçinin qeyd edib ki, buraxılış  işlərinin yazılması təcrübə zamanı müəyyən edilən tələblər əsasında formalaşır.

“Sənayenin tələbləri əsasında buraxılış işlərinin mövzuları formalaşır. Buraxılış işləri bir qayda olaraq praktikada götürülür. Onların müdafiəsinin nəticələri üzrə müsabiqə keçiriləcək. Nəticələr AzTU-da təşkil olunacaq yarmarkalara çıxarılacaq. Yarmarkada iştirakçılar sənayedən gələn sifarişçilər olacaq”.

Xatırladaq ki,  rektor V. Vəliyev kafedralar tərəfindən müəyyənləşdirilən buraxılış işlərinin ləğv edilərək yenidən tərtibi barədə göstəriş verib.