Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 16:32:00
Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzi - Fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzindəndir. Mərkəz 1950-ci ildən “Pionerlər evi” adlandırılıb. 1992-ci ildən 2017-ci ilədək Uşaq Yaradıcılıq Mərkəzi, 2017-ci ildən bu günədək isə Uşaq-Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyətini davam etdirir. 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən mərkəzə görkəmli kinorejissor Rasim Ocaqovun adı verilib.

Hazırda mərkəzdə 71 qrupda 1065 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur.

Cari dərs ilində mərkəzdə bədii qiraət, rəsm, kompüter, musiqi, rəqs, ingilis dili, rus dili, tarix-diyarşünaslıq, gənc riyaziyyatçılar, dram, təyyarə modelçiliyi, gəmi modelçiliyi, bacarıqlı əllər, dərzilik, milli mətbəximiz, gənc ekoloqlar, əhali və ətraf mühit, güllərin sirri, otaq bilikləri olmaqla ümumilikdə 21 dərnək fəaliyyət göstərir.

Mərkəzdə uşaq və yeniyetmələrin asudə vaxtının daha səmərəli təşkilinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərilir. Mərkəzin dərnək üzvləri qatıldıqları müsabiqələrdə uğurlu nəticə əldə edib, fəxri fərman və digər mükafatlara layiq görülüblər.