https://www.zirve.edu.az/
21.02.2020 17:37
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təbliğat qrupları yaradılıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi məqsədilə müəllim və pedaqoji-mühəndis heyətdən ibarət təbliğat qrupları yaradılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təbliğat qrupları tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlər keçirilir, peşəyönümü işinin təşkili məqsədilə təqdimatlar edilir, bukletlər paylanılır.

Artıq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhərində yerləşən 183 və 284 nömrəli orta məktəblərdə peşəyönümü istiqamətində valideynlərin və IX-XI sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirdə peşə təhsilinin vacibliyindən, yeni istifadəyə verilən təhsil mərkəzinin imkanlarından, işəgötürənlərlə əməkdaşlıq perspektivlərindən söz açılıb. Mərkəzdə tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib.

Şagirdlərin üstünlük verdikləri peşə ixtisasları haqqında məlumat almaq üçün onlara sorğu vərəqələri paylanılıb.