https://www.zirve.edu.az/
16.02.2020 17:28
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri bəlli oldu
Çap et

Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevral 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856  namizəddən 59 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 17:10-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə – 8 nəfər;

BA2 altqrupu üzrə – 28 nəfər;

BA3 altqrupu üzrə – 36 nəfər;

BA4 altqrupu üzrə – 83 nəfər;

BB1 altqrupu üzrə – 67 nəfər;

BB2 altqrupu üzrə – 118 nəfər;

BB3 altqrupu üzrə – 192 nəfər;

BB4 altqrupu üzrə – 271 nəfər olmaqla, ümumilikdə 803 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün fevralın 17-dən 28-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 17–19 fevral tarixlərində saat 14:00‑dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.