https://www.zirve.edu.az/
13.02.2020 13:33
“Müəllimlərin zəhməti beləmi qiymətləndirilir?!-Direktor müavinindən etiraz
Çap et

 

“Müəllimlər ictimai həyatımızda fəal iştirak edən aparıcı qüvvədir. Onlara qarşı münasibətimiz həmişə müsbət olmalıdır. Çünki onlar övladlarımızın tərbiyəçisi, məktəblərdə gənclərimizi yetişdirən, formalaşdıran qüvvədir. Biz onlara qarşı diqqətli və qayğıkeş münasibət bəsləməliyik. Müəllimlər onsuz da əzabkeş, zəhmətə qatlaşan,  fəaliyyət göstərən cəmiyyətin bir zümrəsidir”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında Təhsil  İnstitutunun direktor müavini Ənvər Abbasov deyib. O, son günlər sosial şəbəkələrdə müəllimlərə qarşı göstərilən mənfi reaksiyaya münasibət bildirib:

“Müəllimlərin seçkilərdəki fəaliyyətlərini saxtakarlıq adlandıranlar çox səhv fikirləşirlər. Müəllim hər hansı bir cəbhəyə, işə cəlb olunubsa, onu sadəcə icra edir. O,  ideoloq deyil ki!  Müəllimlik adına heç cür ləkə gətirə bilmərik!  İkincisi də, müəllimin zəhməti, əziyyəti beləmi qiymətləndirilir?!  Bir sutka heç bir təmənna olmadan işləyiblər, dövlətin siyasətini həyata keçiriblər. Müəllim məgər saxtakarlıqla məşğuldur?!  O, sadəcə, seçkiyə cəlb olunub və işini görür. Həmin seçkiyə hər hansı başqa peşənin adamları  da cəlb oluna bilər”.

Direktor müavini  dövrümüzdə müəllimlərin imicinə mənfi təsir göstərən amilləri vurğulayıb:

“Müəllimə qarşı ədalətsiz hökmlər vermək, hər hansı bir şəxsin mənfi, yəni subyektiv hərəkətini,  cəmiyyətdə baş verən təsadüfü hadisələri müəllimlik adına şamil etmək olmaz. Bunlar hər zaman baş verən və cəmiyyətin bütün zümrələrindən olan nümayəndələrin başına gələn hadisələr ola bilər. Kimsə səhv bir hərəkət edəndə biz onu müəllimliyə, müəllim adına ləkə gətirən bir amil kimi ümumiləşdirə bilmərik. Bizim buna haqqımız yoxdur.   Çünki müəllimlik elə bir işdir ki,onu həmişə yüksək tutmalısan ki, cəmiyyətdə gənclərimiz onlardan nümunə götürə bilsinlər. Əgər biz onlara basqılar etsək, təzyiqlər göstərsək, o zaman cəmiyyətdə heç bir problemi həll edə bilmərik.  Biz bununla öz övladlarımızı, vətəndaşlarımızı tərbiyə edən qüvvələri itirərik. Nə üçün müəllimlərimizə şübhə ilə yanaşaq? Buna heç bir əsas yoxdur”-deyə Ə. Abbasov sözlərinə əlavə edib.