Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 11:41:00
AMEA-nın yeni təsdiqlənən strukturu- İlk iclasda vacib tapşırıqlar

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.


AzEdu.az  xəbər verir ki, bu məqsədlə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.


Akademik Ramiz Mehdiyev ölkə rəhbərliyi tərəfindən aparılan islahatları yüksək dəyərləndirərək bu istiqamətdə Akademiya qarşısında qoyulan vəzifələrdən danışıb, son aylarda AMEA Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, Akademiya alimləri ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər. Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan bütün sahələr kimi AMEA da yüksək nailiyyətlər əldə etməli, xüsusilə innovativ layihələrin icrasına diqqət yetirməlidir. Bir sıra struktur islahatlarının bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələri qarşısında duran vəzifələrdən, onların əhəmiyyətindən bəhs edib. AMEA aparatının struktur rəhbərlərini təbrik edən akademiya rəhbəri yeni mərhələdə aparat əməkdaşlarına uğurlar arzulayıb, onlara müvafiq tapşırıqlarını verib.


AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edərək idarə və şöbələrin yeni mərhələnin çağırışlarına uyğun fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. AMEA Rəyasət Heyəti aparatının rəhbəri kimi Əminağa Sadıqov struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsinə çalışacağını bildirib.


Yeni təsdiq edilmiş idarə və şöbə rəhbərləri adından Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov çıxış edərək AMEA-nın yeni inkişaf mərhələsində daha səylə fəaliyyət göstərəcəyini deyib. O, yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını ifadə edib, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirəcəklərini diqqətə çatdırıb.