Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası hər həftə ölkəmizlə bağlı elmi kollokviumlar keçirir.

AzEdu.az  xəbər verir ki, bu tədbirdə Almaniya və digər Avropa ölkələrindən olan azərbaycanşünaslarla bərabər, vaxtaşırı Azərbaycandan da mütəxəssislər dəvət edilir. Kollokviumun budəfəki yığıncağında məruzəçi qismində Bakı Dövlət Universitetinin professoru Lalə Əliyeva çıxış edib. Onun məruzəsi “Müstəmləkə dövründə və müstəqillik dövrdə Azərbaycanda tarixi yaddaş və tarixin yazılması” (“Historical Memory and History Writing in Colonial and Post-colonial Azerbaijan”) adlanıb.

Professor mütəxəssislər üçün son dərəcə maraqlı olan bu mövzuda çox dərin bilik və erudisiya nümayiş etdirərək, Azərbaycan tarixşünaslığının 19-cu əsrdən bu günə qədər əldə etdiyi əsas nailiyyətlərini dinləyicilərin nəzərinə çatdırıb. O, ölkəmizin və xalqımızın ən qədim tarixi və etnogenizi ilə bağlı mövcud olan müxtəlif nəzəriyyə və elmi ehtimallara da xüsusi yer ayıraraq bunların hər birini təhlilə cəlb edib, eyni zamanda, tarix elmimizin inkişafında xidməti olan bütün görkəmli tarixçi alimlərimizin tədqiqatçılıq uğurlarını da məxsusi olaraq qeyd edib.

Sonda məruzəçinin irəli sürdüyü tezislər və əsaslandığı tarixi fakt materialı ətrafında maraqlı diskussiyalar aparıldı.

Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Bakıdan gələn qonağa - professor Lalə Əliyevaya dərin məzmunlu və əhatəli məruzəsinə görə bütün dinləyicilər adından təşəkkürünü bildirib.

Qeyd edək ki, Lalə Əliyeva iki həftə ərzində Humboldt Universitetinin tələbə və doktorantları üçün Azərbaycan tarixi üzrə mühazirələr oxuyacaq və seminarlar keçirəcək.