Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 12:39:00
Azərbaycan Milli Elmlər Akademiyası nüfuzlu elm mərkəzləri ilə sıx əməkdaşlıq edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Assosiasiyasının nümayəndələri Judit Litjens və Kjistof Qulda ilə görüşüb.

AzEdu.az xəbər verir ki, akademik İbrahim Quliyev AMEA-da geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlar, palçıq vulkanları, neft və qaz yataqlarının öyrənilməsi, elm və təhsilin inteqrasiyası, elmin kommersiyalaşması istiqamətində görülən işlər, Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında məlumat verib.

Birinci vitse-prezident akademiyanın dünyanın bir sıra nüfuzlu elm mərkəzləri ilə sıx əməkdaşlığından danışaraq ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, qarşıda duran prioritetlərdən biri Azərbaycan alimlərinin xarici həmkarları ilə birlikdə tədqiqatlar aparması, müxtəlif elm sahələrini əhatə edən layihələrdə iştirakının daha da genişləndirilməsidir.

Görüşə görə minnətdarlığını bildirən Judit Litjens AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan COST proqramının fəaliyyəti üzrə məlumatlandırma seminarının uğurla keçirildiyini qeyd edib. Seminar çərçivəsində alim və mütəxəssislərə COST proqramında iştirak imkanları və layihələrə qoşulmaq üçün müraciətlərin hazırlanması qaydaları haqqında ətraflı məlumatın verildiyini vurğulayıb. Ali təhsil müəssisələri ilə akademik qurumlar arasında sıx əməkdaşlığa yönələn layihə haqqında danışan COST Assosiasiyasının əməkdaşı gələcəkdə bu sahədə AMEA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə COST proqramı üzrə Milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.